"Qarabağda separatçı qurumun qalıqları olduqca..." — Millət vəkili

QARABAĞ 05 fev 2021, 21:05
Qarabağda separatçı qurumun qalıqları olduqca təxribatların baş verməsi mümkündür. Qazax istiqamətində ermənilərin təxribatı də təsadüfi deyildi. Onlar daha çox diqqət çəkməyə çalışıblar. Azərbaycan-Ermənistan dövlət sərhədinə diqqəti yönəltməklə orada problemlərin olması barədə mövqe formalaşdırırlar. Təxribata əl atmamışdan qabaq isə informasiya yayırlar.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Elman Məmmədov deyib.

Millət vəkili 12 min azərbaycanlının Xankəndinə qayıdacağı ilə bağlı məsələlərə aydınlıq gətirib:

“30 il öncə doğma yurdlarından qovulmuş Xankəndi sakinləri öz evlərinə qayıdacaq. Buna görə də heç kəsdən icazə alınmayacaq. 2020-ci ilin 27 sentyabrına qədər bütün danışıqlarda Azərbaycanın qarşısına şərtlər qoyulub. Bu tarixdən sonra vəziyyət dəyişib. 44 günlük müharibə şərtləri alt-üst edib. Xankəndindən, Xocalıdan, Xocavənddən olan vətəndaşlarımız öz evlərinə qayıdacaqlar. Hazırda bu prosesləri reallaşdırmaq üçün zəruri prosedurlar həyata keçirilir. Azərbaycanın şərtlərindən kənarda heç bir hal baş verməyəcək”.

Komitə üzvü hələ də Qarabağda qalan silahlı ermənilərin ərazilərdən çıxarılmasının başlıca şərt olduğunu deyib:

“Azərbaycan öz hüdudları daxilində istənilən silahlı birləşməyə qarşı anti-terror əməliyyatı həyata keçirə bilər. Bir dövlətin ərazisində qanunsuz silahlı birləşmənin olması yolverilməzdir”.

Elman Məmmədov qeyd edib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə silahlıların ərazilərdən çıxarılacağına ümid edir:

“Laçın dəhlizi ilə bağlı məsələləri də gündəmdən kənara qoymaq olmaz. Azərbaycan ərazisinə daxil hər bir kəs ölkə qanunlarına uyğun razılıq əsasında hərəkət edə bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top