Vüqar Rəhimzadə: Şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir


GÜNDƏM 05 fev 2021, 17:23
“44 günlük İkinci Qarabağ müharibəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəkilində birliyi sayəsində Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdı. Bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibini də təqdim etdi. 

Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi, yeni tarix yazıldı. Zəfərimiz harada yaşamasından asılı olmayaraq bütün azərbayanlıları, bizə dost, qardaş olan ölkələri sevindirdi, qürurlandırdı, başımızı uca tutmağa stimul verdi. Ən əsası Azərbaycan xalqının qüruru özünə qayıtdı. Bu, məsələnin bir tərəfidir. Bugünümüz üçün aktual olan məsələlərdən biri isə Vətən müharibəsi ilə bağlı mövzulara həsaslıqla yanaşılması, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğıdan bəhs edərkən faktların dəqiqləşdirilməsi, ictimai fikri çaşdıracaq informasiyaların yayılmasına yol verilməməsidir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Surasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının genişləndiyi, internet resurslarının inkişaf etdiyi, istifadəçilərinin sayının günbəgün artdığı hazırkı dövrdə bəzi peşəkarlıqdan uzaq KİV-lərdə və sosial şəbəkələrdə qərəzli məlumatların yayılması birmənalı qarşılana bilməz. Mətbuatın qarşısında dayanan əsas prinsiplərdən biri yayılan informasiyanın düzgünlüyünü, faktların dəqiqliyini yoxlamaq və bundan sonra cəmiyyətə təqdim etməkdir. Amma çox təəssüflər olsun ki. bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir. “Bu günlərdə bir sıra kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkə profillərində iki övladının- Valid və Azər Kazımovların Vətən müharibəsində itkin düşdüyü bildirilən Rəna Kazımova adlı qadının videogörüntüləri paylaşılmaqdadır. Həmin görüntülərdə qadın ağlayaraq övladlarından xəbər tuta bilmədiyini diqqətə çatdırır, kömək istəyir. Lakin araşdırmalar nəticəsində Lənkəran rayon sakini olan və hazırda Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində kirayədə yaşayan Rəna Kazımovanın, ümumiyyətlə, övladının olmadığı məlum olub. Həmçinin o da məlum olub ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonundakı strukturu tərəfindən Valid və Azər Kazımov adlı şəxslər hərbi xidmətə çağırılmayıblar. Bu adların Müdafiə Nazirliyinin itkin düşmüş şəxslərlə əlaqədar siyahısında da yer almadığı məlum olub. Bu faktların təsdiqi bir daha onu söyləməyə əsas verir ki, ucuz reytinq naminə bu cür yoxlanılmamış mövzulardan sui-istifadə edən, həm də feyk xəbərlərə əsaslanan bəzi üzdəniraq jurnalistlərin bu kimi addımları bir tərəfdən qeyri-peşəkarlığın və səriştəsizliyin göstəricisidirsə, digər tərəfdən onların cəmiyyətdə çaşqınlıq yaratmaq niyyətlərinin təzahürüdür.”

Baş redaktor bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdıqdan sonra dövlətimizin başçısı İlham Əliyevin bu günədək imzaladığı Fərman və sərəncamlara diqqət yetirsək görərik ki. onların böyük əksəriyyəti şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına diqqət və qayğını əhatə edir: “Dövlətimizin başçısı İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamları Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Həmin sərəncamlar əsasında sentyabrın 27-si Anım Günü, noyabarın 8-i isə Zəfər Günü kimi təsis edildi.”

V.Rəhimzadə möhtərəm Prezidentimizin İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata müsahibələrinin birində ona ünvanlanan “Sizə ən çox təsir edən, kədərləndirən, ən çox sevindirən nələr oldu” sualına cavabının bu gün Vətən müharibəsi mövzusuna həssas yanaşmayan, bu mövzudan ucuz reytinq naminə istifadə etməyə çalışan qeyri-peşəkarlara və sosial şəbəkə istifadəçilərinə tutarlı cavab olduğunu bildirib: “Dövlətimizin başçısı İlham Əliyev suala cavabında bildirmişdir ki, məni ən çox kədərləndirən həm mülki vətəndaşlar, həm də əsgərlər arasında itkilərimizdir. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, xalqımız, onların yaxınları, valideynləri üçün böyük faciədir. Ona görə də hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür. Ən çox sevindirən isə Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Bildirirlər ki, təki “Vətən sağ olsun!”

Baş redaktor vurğulayıb ki, həssas şəhid mövzusu ilə manipulyasiya etmək həm şəhidlərin ruhuna, həm də cəmiyyətə qarşı hörmətsizlikdir: “İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən dövlətimizin başçısının söylədiyi fikirlər də hər birimizdə sözügedən mövzu ilə bağlı məsuliyyət hissinin artmasında stimulverici amil olmalıdır. «Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq» söyləyən dövlətimizin başçısı bildirmişdir ki, ona görə müharibə başa çatandan dərhal sonra sizinlə görüşməyə gəlmişəm ki, öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam.”

V.Rəhimzadə bildirib ki. dövlətimizin bu diqqət və qayğısı fonunda feyk xəbərlər yayan bəzi sosial şəbəkə istifadəçilərinin və bəzi peşəkarlıqdan uzaq üzdəniraq jurnalistlərin məqsəd və məramları özünü daha açıq şəkildə büruzə verir: “Unutmayaq ki, belə həssas mövzularla manipulyasiya etmək heç kimə başucalığı gətirə bilməz. Əksinə ictimai qınaq belə ünsürlər üçün ən böyük cəza olar.”


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top