Pandemiyadan zərər çəkmiş sahibkarların kreditləşdirilməsi davam etdirilir

SAHİBKARLIQ 29 yan 2021, 19:33
Məlumat verildiyi kimi, kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən Elektron Kredit Platforması (www.e-edf.gov.az) yaradılıb və 2020-ci ilin 30 iyun tarixindən sahibkarların istifadəsinə verilib. Hazırda kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu və kredit təşkilatları tərəfindən təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması ilk dəfə tətbiq olunan bu platforma vasitəsilə həyata keçirilir.

Nazirlikdən Demokrat.az-a bildirilib ki, biznes kreditlərinin Elektron Kredit Platforması vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, sahibkarlar kredit üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə İqtisadiyyat Nazirliyində və müvəkkil kredit təşkilatlarında eyni vaxtda baxılır, eləcə də müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin edilir, sağlam rəqabət mühiti formalaşdırılır, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, vaxta və xərclərə qənaət olunur.

Qeyd edək ki, ötən il Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət daxil olub. Artıq bir sıra müraciətlərə baxılıb və 529 müraciət üzrə ümumi həcmi 169 milyon manat olan dövlət zəmanətli kreditlərin ayrılması barədə qərarlar qəbul edilib və bundan 369 müraciət üzrə 130 milyon manat kreditə 74.8 milyon manat məbləğində dövlət zəmanəti verilib.

Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcəkdir.

2020-ci ildən tətbiq edilən digər mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixinədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Artıq bu mexanizm çərçivəsində kredit qalığı 483 milyon manat 1992 müraciət üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib və bunlardan 1365-i üzrə 20 milyon manat subsidiya ödənişi həyata keçirilib.

Bu mexanizmin icrası üzrə də işlər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top