"Əli Həsənovun yerinə olsam, "5-ci kolon"a tüpürüb Cəbrayıla gedərəm"

SİYASƏT 24 yan 2021, 22:46
Yanvarın 20-də Polad Bülbüloğlu başda olmaqla bir qrup Qarabağ kökənli soydaşlarımıza çağırış etmişdik. Soruşmuşduq ki, görəsən, imkanlı qarabağlılar nə zaman işğaldan azad edilmiş torpaqlarımızı ziyarət edəcəklər? Bir təşəbbüsdə bulunacaqlar?

Çağırışımıza ilk səs verən Polad Bülbüloğlu oldu. O, yanvarın 23-də doğma Şuşanı ziyarət etdi. Doğrudur, Polad müəllim səfər zamanı bir qədər kameraya işləyirdi. Amma hər halda ziyarəti pis  alınmadı. Hələ Şuşa torpağını ovcuna alıb öpməsini (diz çöküb öpsəydi, daha gözəl olardı) demirəm. İnsafən cənab prezidentin yarızarafat, yarıkerçək çağırışına da münasibət bildirdi. Dedi ki, “İnşallah gəlib ata evimi təmir etdirəcəm”.

Düzünə qalsa mən Polad Bülbüloğlundan daha çox şey gözləyirdim. Məsələn, fikirləşirdim ki, Polad Bülbüloğlu özü ilə apardığı çəkiliş qurupuna müsahibə verərkən deyəcək ki, “Mən Rusiyada yaşayan imkanlı soydaşlarımızla danışmışam. Hərəsi Şuşaya məsələn, 10 milyon dollar investisiya yatıracaq”.
Düzü, bunu eşitməyi çox istəyirdim. Çünki 10 milyon dollar Vahid Əhmədov, Araz Ağalarov və Fərhad Əhmədov üçün də elə bir böyük pul deyil. Olsa-olsa bir günlük cib xərcidir. Hələ Rusiyada yaşayan digər imkanlı soydaşlarımızı demirəm… Axı, belə bir vaxtda da irəli durmayıb, bu insanlar nə vaxt irəli duracaqlar. ABŞ-da, Avropada, Rusiyada, körfəz ölkələrində və Çində yüz milyonlarla investisiya yatıran bu insanlar doğma Qarabağa kapital qoyuluşu etsələr, nəyi pis olar?! Həm xalqın gözündə ucalarlar, həm dövlətimizə dəstək olarlar, həm də ki özləri üçün yeni gəlir yerləri açarlar. Amma çox təəsüf ki, hələ istər xaricdə, istərsə də ölkəmizdə yaşayan imkanlı soydaşlarımızdan ürəkdən tikan çıxaracaq bir təklif eşitmirəm. Hələ imkanlı məmurlarımızı demirəm…

Şuşanın yolları artıq müğənnilərimiz üçün də su yoluna dönüb. Amma Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovu çörəyi ilə, suyu ilə böyüdüyü, dədə-babasının uyuduğu Şuşada nə görən olub, nə də eşidən. Vallah tam səmimi deyirəm. Bayram müəllimin yerinə olsam, çoxdan Şuşaya gedərdim. Özü də “Cip”lə yox, piyada gedərəm, ağlaya-ağlaya, sevinə-sevinə, yüyürə-yüyürə. Öpərəm Şuşanın torpağını, üzümü sürtərəm Şuşa qalasının divarlarına, sonra da yıxılaram Cıdır düzünün sazaqlı-şaxtalı çölünə, göy üzünün ənginliyinə baxa-baxa ürəkdən bir “oxxayyy” deyərəm… Bu ləzzəti, bu keyfi yaşamaq üçün Vallah isti kabinetimdən də, allı-güllü qalstukumdan da imtina edərəm. Axı, bu dediklərimdən gözəl nə ola bilər?! Məncə heç nə?

Hələ digər Qarabağlı səlahiyyətliləri demirəm. Elə götürək 10 il Xocalının icra başçısı, 21 il deputatı olan Elman Məmmədovu. Bu adam nəyi gözləyir? Niyə təşəbbüs göstərmir? Di gəl Elman müəllim deyir ki, “indiki vaxtda Xocalıya getmək təhlükəlidir”. Ay qardaş, bəs nə vaxt gedəcəksən, Xocalıya? Bir aydan sonra Xocalı soyqrımının 29 ili tamam olur. Deputatsan, ağsaqqalsan təşəbbüs qaldır, danışıqlar apar. Bir avtobus xocalılını apar Xocalı xarabazarlığına. Çalış 1-2 müxbiri də özünlə götür.

Xocalıdan dünyaya bir çağırış elə. Dünyadan haqq-ədalət tələb elə… Yoxsa Bakıdakı isti kabinetlərdən Putini, Lavrovu qınamağa nə var ki…  Vallah bu iş deyil. Niyə görə ən xırda məsələnin həlli üçün dövlət başçısından təşəbbüs gözləyirik? Bəs biz nə vaxt vətəndaşlıq mövqeyi göstərəcəyik? Nə vaxt Vətən daşı olacağıq?

Hələ Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin tanınmış siması Əli Həsənovu demirəm?! Bu adam gözün açandan vəzifələrdə olub. İmkanı da ki, N qədər. Di gəl ki, dədə-babasının uyuduğu torpaqları buraxıb Əvəz Zeynallı ilə “razborka” aparır. Bir az da Siyavuş Novruzovdan gileylənir ki, məni qatıb “5-ci kolon” söhbətinə…
Əli müəllimin 73 yaşı var. Vallah, onun yerinə olsam, tüpürərəm “5-ci kolon”a da, siyasətə də, perspektivə də. Baş alıb gedərəm Cəbrayıla. Ölkə başçısının da xeyir-duası ilə orda bir cənnət quraram ki, Babil bağları onun yanında yalan olar. Məktəbi ilə, xəstəxanası ilə, məscidi ilə birgə bir kənd salaram. El-obanı da yığaram başıma, yaşayaram azad, asudə. Bu, həm Allaha xoş gedər, həm dövlət başçısına, həm də ki, xalqa. Hələ demirəm ki, bu işləri görən adam haqq dünyasında cənnəti satın almış olar.

Cəbrayıl rayonundan üzdə olan adamlar çoxdur. Onlardan biri də Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovdur. Elman müəllim düz 26 ildir ki, Mərəzi Bankın rəhbəridir. İmkanı da ki, N qədərdir. Danışanda da manatla yox, dollarla, avro ilə danışır. Bu vurhavurda 218 milyon avroya (təxminən 430 milyon manat) Mərkəzi Bank üçün təzə bina tikdirir. Adama deyərlər ki, oturduğun binaya nə olmuşdur ki? Müharibədən çıxan bir ölkə üçün axı 218 milyon avro çox böyük puldur. Bu vəsaitə nəinki Cəbrayılı, hələ Qubadlı və Zəngilanı da cənnətə cevirmək olar.

Nə olar, bankirlər də bir az səbr göstərib, köhnə binada (əslində bu buna da yeni tikilib) otursaydılar?! Buna görə yəqin ki, Elman müəllimə kimsə “gözün üstə qaşın var” deməz. Əksinə, cənab Rüstəmov illərlə banklarda əmanətləri və kapitalları batan insanlardan bir halallıq almış olardı. Hələ bu, bir yana qalsın. Cəbrayılı yenidən qurmaq üçün Rüstəmovun şəxsi imkanları da yetərlidir. İstəsə, bütün Cəbrayılı dollar rəngində tikər. Amma neyləyək ki, Elman pula yığım vasitəsi kimi baxır, savab iş vasitəsi kimi yox.

O ki, qaldı Laçının, Zəngilanın, Qubadlının, Füzulinin, Kəlbəcərin, Xocavəndin və digər rayonların öndə gedən oğullarına?! İnşallah, onlar barədə növbəti yazımda söhbət açacam. Bəlkə heç buna ehtiyac olmayacaq. Bu gün, sabah imkanlı qarabağlılar elə bir təşəbbüs edəcəklər ki, hamı kimi mən də onları təqdir edəcəm. Gözləyək də…

Surxay Atakişiyev
Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top