"Siyavuş Novruzov milyoner oğlu olmayıb, ola bilər ki, tələbə vaxtı işləyib" — Aqil Abbas


GÜNDƏM 22 yan 2021, 11:45
"Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər. Zamanında biz də təhsil ala-ala işləmişik".

Milli Məclisin deputatı Siyavuş Novruzovun bu fikiləri ciddi müzakirələrə səbəb olub. Əksəriyyət bu fikirlərinə görə deputatı qınayıb. S.Novruzov sonradan açıqlama verərək, müzakirəyə səbəb olan fikilərinin müzakirəsinin yersiz olduğunu bildirib: “Əslində tələbənin işləməsində qəbahət yoxdur, əksinə, insanı zəhmətə alışdırır. Mən özüm tələbə vaxtı səhər saat 5-də durub Qaradağa karyerdə daş atmağa gedirdim. Bir neçə saat işləyib 10 manat alıb gəlirdim. Həmin pulla tələbə yoldaşlarımla səhər yeməyi yeyirdik”.

Deputat Aqil Abbas bu məsələ ilə bağlı tələbə vaxtından danışıb.

Demokrat.az xəbər verir ki, musavat.com-a açıqlama verən A.Abbas imkanlı ailənin övladı olduğu üçün tələbəlikdə işləməyinə ehtiyacı olmadığını deyib:

"İmkanlı kişinin oğlu olduğum üçün tələbə ikən işləməmişəm. Lakin xatırlayırm ki, yataqxanada qalan tələbə yoldaşlarım üçün şərait yaradırdım. Ya da qaldığım kirayəyə qonaq dəvət edirdim ki, istədikləri qədər yeyib-içsinlər. O ki qaldı tələbələrin işləmək məsələsinə, vaxtilə tələbə inşaat dəstələri var idi. Onlar yayda bölgələrə, rayonlara gedib işləyirdilər. Nəticədə yaxşı maaş alıb, bir illik təminatlarını ödəyə bilirdilər. Həm də ayda 40 manat tələbə təqaüdü alırdılar. Təsəvvür edin, bir otaqda 4 tələbə hərəsi ayda 40 manat təqaüdü ortaya qoyub, 160 manatla normal yaşaya, hətta araq da içə bilirdilər. Bəzi tələbə yoldaşlarım var idi ki, televiziya və radio ilə əməkdaşlıq edib, qonorar alırdılar. Məsələn, bir tələbə yoldaşım var idi, o, televiziya çıxış edib, qonorar alırdı. Hansı ki, indi televiziyada çıxış üçün kiməsə və yaxud müğənniyə qonorar verilmir, əksinə, bəzən özləri pul verir ki, efirə çıxsın. Beləliklə, tələbə yoldaşlarımın əksəriyyəti radio və televiziyadakı çıxışlarından aldıqları qonorarla dolanırdılar. Hətta bəzən yüksək qonorar belə alırdılar. Bəziləri isə haradasa gecə gözətçisi işləyirdi. İndi Siyavuş Novruzov deyir ki, "Tələbə ikən daş daşımışam". Ola bilər ki, düz deyir, dəqiq bu haqda məlumatım yoxdur. Yəni hamı bilir ki, Siyavuş Novruzov milyoner oğlu olmayıb, ola bilər ki, işləyib. Lakin insanların dediyi sözü kontekstdən çıxartmaq doğru deyil. İndi mənə də söz atırlar ki, guya mən demişəm ki, “Müəllim getsin soğan əksin”. Mən heç vaxt bu sözü deməmişəm. Bu sözü Hadı müəllim demişdi. Yəni demədiyim sözü mənim əleyhimə çevirdilər".

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top