Tarixi gün: Azərbaycan və Türkmənistanın “Dostluq” əhdi

İQTİSADİ 21 yan 2021, 16:00
2021-ci il 21 yanvar: bu təqvim Azərbaycanın, eləcə də Türkmənistanın təqviminə tarixi hadisə kimi düşdü. Çünki iki ölkə arasında ciddi bir anlaşma əldə olundu.

Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı. Beləliklə, Azərbaycanın “Kəpəz”, Türkmənistanın “Sərdar” yataqlarının birgə işlənməsi həyata keçiriləcək.

Azərbaycanın neft sənayesi, inkişafı və nəticələri

Bu memorandum Azərbaycan neft sənayesinin inkişafında mühüm rol oynayacaq. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan neft sənayesinin tərəqqisi 1970-80-ci illərdə yeni mərhələyə qədəm qoydu.   

Ümumilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və  modernləşdirilməsində dönüş mərhələsi oldu. 1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin dərinlikləri 40 metrə qədər olan sahələrdə işləməyə imkan verib, lakin 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün yeni müasir avadanlıqlar -  qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən “Azərbaycan” kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr gətirilib. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yaranıb və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə edib.

Dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranıb. 1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə başlanıb. 1979-cu ildə “Günəşli”, 1985-ci ildə “Çıraq”, 1988-ci ildə “Azəri”, 1989-cu ildə “Kəpəz” yatağı aşkar edilib. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilələrin imzalanmasına nail olundu. “Əsrin müqaviləsi”nin imzalanması Xəzər dənizinin mineral sərvətlərindən istifadə üçün dünyanın aparcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə ilk dəfə olaraq Xəzər dənizində beynəlxalq əməkdaşlığa yol açdı. 

Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Bu səylər Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edibdir.

Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün ikitərəfli və çoxtərəfli formatlara üstünlük verilibdir. Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanmasına nail olunubdur.

Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi üzrə razılaşma əldə olunmuşdur ki, bu da öz növbəsində bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan verdi.

Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır. Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir.

İki ölkənin “Dostluq” aktı

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı yataqla bağlı razılaşma bu strategiyanın nəticəsidir. Zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında  danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfərləri (28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il, 10 oktyabr 2019-cu il), o cümlədən, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri (19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il, 25 oktyabr 2019-cu il, 11 mart 2020-ci il) iki ölkə arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb. Bunun nəticəsidir ki, iki ölkə sərhədindəki yatağın “Dostluq” adı altında birgə işlədilməsinə qərar verildi.

Xəzərdə əməkdaşlıq, siyasi və iqtisadi perspektivlər

İmzalanan memorandumun əhəmiyyəti böyükdür. Yatağın “Dostluq” adlandırılması iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Memorandumun imzalanması bu yeniliklərdən biridir və bunun Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malik olduğu şübhəsizdir.

Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl və əhatəli infrastrukturu və ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artıracaq. 

Sənədin imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılmasında çox önəmli addımdır. Həmçinin, Sənəd həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti vardır. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsnə yeni imkanlar yaradır.

Razılaşmanın əldə edilməsi eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə Toplantısı ərəfəsində bu Memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin bariz nümunəsi kimi səciyyələdirilir. 

Beləliklə, Azərbaycanın nft strategiyasında növbəti uğurlardan birinə imza atıldı və bunun bəhrəsini həm siyasi, həm də iqtisadi olaraq görəcəyik.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top