Ekspert: "Bu, milyard dollara qədər çıxa bilər"

İQTİSADİ 19 may 2025, 18:13
Milli Məclisin keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib ki, bizdə istilik təchizatı sahəsi özəlləşdirilməlidir, beynəlxalq təcrübə də göstərir ki, özəlləşməyə getmədən bu sahədə uğura nail olmaq çətin olur.

Demokrat.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib  ki, əgər dövlətə məxsus mərkəzləşdirilmiş istilik obyektləri özəlləşdirilməyə çıxarılsa, real şəraitə baxdıqda onların yerli və ya xarici şirkətlər tərəfindən alınması çətin görünür:

“Bunun bir neçə əsas səbəbi var. Bu obyektlərin Qərb standartlarına uyğun şəkildə yenidən qurulması və ya modernləşdirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Bəzi hallarda bu, milyard dollara qədər çıxa bilər. Belə bir investisiyanın qoyuluşu ciddi risk daşıyır və onu özəl sektor üçün cəlbedici etmək asan deyil. İnvestisiyanın geri dönüşü sual altındadır: Əgər investor bu sahəyə bu qədər böyük məbləğdə sərmayə qoyarsa, onun qarşılığını alması üçün xidmət qiymətlərini dəfələrlə artırmaq məcburiyyətində qalacaq. Lakin bu zaman həmin istilik xidmətlərini alacaq istehlakçı tapmaq müşkül məsələyə çevriləcək. İnsanlar üçün xeyli baha başa gələcək bir xidmətə tələbat da məhdud olacaq. Şəxsi müşahidələrimə əsasən, son illər Bakıda inşa edilən bəzi ekonom klass yaşayış binalarında mərkəzləşdirilmiş istilik sistemi qurulmuşdu”. 

İ.Şaban əlavə edib ki, lakin müəyyən müddətdən sonra bu sistemlər fəaliyyətini dayandırdı:

“Səbəb isə sakinlərin əksəriyyəti kombi sistemindən istifadə edirdi, çünki bu, onlara daha ucuz başa gəlirdi. Digər bir nümunə isə hazırda Bakıda inşa edilən biznes və premium klass binaların əksəriyyətində mərkəzləşdirilmiş istilik və soyutma sistemləri mövcuddur. Amma bu xidmətlərin qiyməti də müvafiq olaraq yüksəkdir. Əgər adi bir mənzilin aylıq kommunal xərci 50-60 manat təşkil edirsə, bu tip binalarda həmin məbləğ 250-400 manat arasında dəyişir. Belə yüksək xərcləri ödəyə biləcək insanlar isə cəmiyyətin yalnız kiçik bir hissəsini təşkil edir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top