"Əhalimiz də dollara üstünlük verir" — İqtisadçı

İQTİSADİ 22 may 2025, 16:12
2025-ci ilin aprelində ruslar dolları avrodan 3,5 dəfə çox dəyişdiriblər. Eyni zamanda, əsasən dollar alınıb, avro isə satılıb. Bunu Rusiya Standart Bankının statistikası sübut edir. Aprel ayında dollarla nağd valyuta mübadiləsi əməliyyatlarının strukturunda 57%-ni alış, 43%-ni isə satış təşkil edib. Avropa valyutası yalnız 40% hallarda alınıb, 60% isə satılıb. Nağdsız əməliyyatlara gəlincə, satışlar öndə olub: əməliyyatların 56%-i dollar satışı, 44%-i isə onların alınması ilə bağlı olub; Avro üzrə vəziyyət daha birtərəflidir: satışların 73%-i və alışların cəmi 27%-i. Konvertasiya zamanı orta əskinas 472 dollar və 421 avro olub.

İqtisadçı Pərviz Heydərov Demokrat.az-a açıqlamasında söyləyib ki, ABŞ dollarının Rusiyada və Azərbaycanda üstünlük təşkil etməsi ilə bağlı əsas səbəblər bunlardır:

“Tarixi və iqtisadi əlaqələri var. Sovet İttifaqının dağılmasından sonra MDB ölkələri, o cümlədən Rusiya və Azərbaycan, xarici ticarət və maliyyə əməliyyatlarında daha sabit və beynəlxalq qəbul olunmuş valyutaya ehtiyac duydu. Bu baxımdan, ABŞ dolları ən etibarlı və geniş istifadə olunan valyuta kimi seçildi. Rusiya kimi böyük iqtisadiyyat belə uzun müddət xarici ticarətində və valyuta ehtiyatlarının saxlanmasında dollara üstünlük verdi. Azərbaycan iqtisadiyyatı əsasən neft və qaz ixracına söykənir. Bu məhsullar beynəlxalq bazarda əsasən ABŞ dolları ilə satılır. Bu da o deməkdir ki, Azərbaycanın valyuta gəlirlərinin böyük hissəsi dollarda formalaşır. Nəticədə, dövlətin gəlir strukturu dollara bağlıdır və manatın dəyəri də birbaşa dolların kursu əsasında müəyyən olunur. Əhali öz vəsaitlərini qorumaq və gələcək üçün daha sabit valyutada saxlamaq məqsədilə ABŞ dollarını seçir. Bu, həm psixoloji sabitlik, həm də inflyasiyadan sığortalanma baxımından daha əlverişli görünür”. 

İqtisadçı əlavə edib ki, əmanətlərin və yığımın əsas hissəsi hələ də dollarla aparılır:

“ABŞ dolları dünya iqtisadiyyatında rezerv valyuta kimi qəbul olunub və beynəlxalq hesablaşmaların böyük hissəsi bu valyuta ilə həyata keçirilir. Həm Rusiya, həm də Azərbaycan kimi ölkələr beynəlxalq ödəniş sistemlərində və idxal-ixrac əməliyyatlarında dollarla işləməyə daha çox üstünlük verir. Avro Avropa İttifaqına üzv ölkələrdə daha çox yayılmış olsa da, qlobal miqyasda dolların hələ də dominant valyuta olaraq qalması onun üstünlüyünü qoruyur. Xüsusən də qeyri-Avropa ölkələrində, eləcə də MDB məkanında avrodan daha çox dollar istifadə olunur. ABŞ dolları istər Rusiya, istərsə də Azərbaycan üçün iqtisadiyyatın strateji valyutasıdır və bu, qısa müddətdə dəyişəcək bir reallıq deyil. Əhalinin seçimləri də bu iqtisadi əsaslara söykənir. Gələcəkdə yalnız geniş və dayanıqlı iqtisadi islahatlar, milli valyutanın sabitliyi və beynəlxalq bazarlarda diversifikasiya bu tendensiyanın dəyişməsinə səbəb ola bilər. Hazırkı reallıqda isə dolların dominantlığı davam edir”.

Leyla Turan
Demorat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top