Azərbaycanda həbsdə olan narkobaronun arvadından prokurora vermək üçün rüşvət alıblar — Şok

KRİMİNAL 18 yan 2021, 15:29
Azərbaycanda vəzifəli şəxsə rüşvət verməyə təhrik etməkdə, dələduzluqda ittiham olunan 1970-ci il təvəllüdlü Cavad Feyzullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cavad Feyzullayev rüşvət verməyə təhrik etməklə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2017-ci ilin iyul-avqust aylarında, dəqiq tarixləri məlum olmayan vaxtlarda həmkəndlisi Kəmalə Həsənovaya səlahiyyətli vəzifəli şəxslərlə yaxın əlaqələri olması görüntüsü yaratmaqla, sonuncunun oğlu Murad Rəhimli barəsində cinayət təqibindən imtina edilməsi müqabilində qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərə-dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroruna guya rüşvət verməkdə vasitəçilik edəcəyi vədini verməklə Kəmalə Həsənovanı ələ alıb, lakin, rüşvətxorluqda vasitəçilik etmə vədinə əməl etmək niyyəti olmadan onu rüşvət verməyə təhrik edib, bu adla aldatma yolu ilə Kəmalə Həsənovadan 2017-ci ilin avqust ayında dəqiq məlum olmayan tarixdə onun yaşadığı Lənkəran rayonu, Şilim kəndində yerləşən fərdi yaşayış evinin həyətində 1.000 manat alıb.

Bundan başqa, o, 2017-ci ilin iyul-avqust aylarında, dəqiq tarixləri məlum olmayan vaxtda təkrarən rüşvət verməyə təhrik etməklə, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirmək məqsədi ilə Kəmalə Həsənovanın həbsdə olan əri Rasim Rəhimovun Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.2-ci (təkrar narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə irəli sürülmüş ittihamı məhkəmə baxışı zamanı daha yüngül ittihama tövsif elətdirərək onun məhkəmə zalından azadlığa buraxdıracağı müqabilində cinayət işi üzrə qərar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxslərə Ağır cinayətlər məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruna guya rüşvət verməkdə vasitəçilik edəcəyi vədini verməklə Kəmalə Həsənovanı ələ alıb, lakin, rüşvətxorluqda vasitəçilik etmə vədinə əməl etmək niyyəti olmadan təkrarən onu rüşvət verməyə təhrik etmiş, bu adla aldatma yolu ilə Kəmalə Həsənovadan 2017-ci ilin iyul-sentyabr aylarında sonuncunun yaşadığı Lənkəran rayonu, Şilim kəndində yerləşən fərdi yaşayış evinin həyətində vahid niyyətlə 300 manat, 2.000 manat, 100 manat, 20.150 manat, 150 manat pul olmaqla cəmi 22.700 manat pul alıb.

İstintaq orqanı tərəfindən Cavad Feyzullayevin barəsində Cinayət Məcəlləsinin  178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (iştirakçılıq; vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad Feyzullayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Cavad Feyzullayev apelyasiya şikayəti verib. O, Kəmalə Həsənovadan onun əri Rasimin işini yüngülləşdirmək adı ilə pul almadığını, təqsirsiz olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Cavad Feyzullayevin apelyasiya şikayəti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top