Bəhruz Hüseynov: Düşmənin onlarla hərbi texnikasını məhv edən, iki müharibənin qəhrəmanı olan şəhidimiz — FOTOLAR

QARABAĞ 24 dek 2020, 14:44
Vətən müharibəsində qanları ilə tarix yazan və canları ilə o müqəddəs torpaqlara qayıdışı təmin edən şəhidlərimizdən biri də Bəhruz Hüseynovdur.

— 26 yaşlı şəhidimiz Hüseynov Bəhruz Yavər oğlu.

1994-cü ilin 17 yanvarında Salyan rayonunun 1-ci Varlı kəndində dünyaya göz açan Bəhruz Hüseynov 26 illik ömründə böyük tarix yazdı, gerçək qəhrəmanlıq tarixi.

Onun bu kiçik ömrünün nə qədər böyük olduğunu keçdiyi həyat yolundan anlamaq olur.



Orta məktəbi yüksək qiymətlərlə oxuya Bəhruz Hüseynovun əsas maraq sahəsi texnika və mexaniki qurğular olub. 

2011-ci ildə şəhid Maqsud İsmayılov adına Yolüstü kənd orta məktəbini bitirir və həmin ildə maraq sahəsinə uyğun olan Azərbaycan Texniki Universitetinin Mexanika mühəndisliyi ixtisasına qəbul olur. 

Təhsil aldığı 4 il ərzində bu sahədə dərin biliyə yiyələnir. 



2015-ci ildə bakalavr səviyyəsini bitirir və həmin ilin iyulunda hərbi xidmətə başlayır. 

Hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olub. Riyazi savadı ona bu vəzifənin sirlərini dərindən öyrənməyə imkan verir. 

Bilik və bacarığı sayəsində komandir və əsgər yoldaşları arasında böyük hörmət qazanır. 

— Aprel müharibəsinin iştirakçısı



2016-cı ildə “aprel müharibəsi” zamanı Tərtər rayonu istiqamətində gedən ağır döyüşlərdə böyük şücaət göstərib. Onun dəqiq hesablamaları sayəsində tanklarımız düşmən mövqelərini darmadağın edir. Həmin ilin iyulunda xidmətini başa vurur və qalib əsgər kimi evinə qayıdır. 

Bir müddət müxtəlif sahələrdə çalışır. 2020-ci ilin avqust ayında "SUNDANCE Azərbaycan" şirkətində neftli tullantıların emalı üzrə mexannik vəzifəsində işə başlayır. Qısa müddətdə öz bilik və bacarığı sayəsində bu kollektivin də sevimlisi olmağı bacarır.

— Vətən çağırır...



Bu ilin sentyabr ayında elan edilən səfərbərlik zamanı könüllü şəkildə orduya yazılır, çünki Vətən onu çağırırdı.

21 sentyabrda hərbi xidmətə yollanan Bəhruz Hüseynov tankçı olduğu üçün cəbhə bölgəsinə göndərilir.

27 sentyabr, Vətən müharibəsinin başlandığı gün. Bəhruz Hüseynov bu döyüşlərin əsas iştirakçılarından idi. Döyüş yoluna Füzuli istiqamətində başlayaraq, Hadrut, Cəbrayıl, Zəngilan rayonlarına qədər gedir və şiddətli döyüşlərdə böyük rəşadəti ilə seçilir. 



Onun dəqiq hesablamaları nəticəsində düşmən mövqeləri və hərbi texnikası məhv edilir.

Göstərdiyi bacarığına görə komandiri kapitan Ülvi Hüseynovun yaxın silahdaşına çevrilən Bəhruz döyüşlərdə həmişə onunla çiyin çiyinə vuruşur. 

Oktyabr ayının 19-da Xocavənd rayonun Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisi nəticəsində qəhrəmancasına şəhid olur.



“Aprel müharibəsi”ndən qalib əsgər kimi qayıdan Bəhruz Hüseynov Vətən müharibəsindən şəhid olaraq göylərə ucaldı. Ondan bir neçə gün sonra çiyin-çiyinə döyüşdüyü komandiri kapitan Ülvi Hüseynov da qəhrəmancasına şəhid oldu.

Ruhunuz şad olsun, Şəhidlərimiz. Vətən sizi heç zaman unutmayacaq...


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top