190 manat alanların NƏZƏRİNƏ!

SOSİAL 23 dek 2020, 21:25
Xəbər verdiyimiz kimi, ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) veriləcək. Bu barədə Nazirlər Kabineti tərəfindən müvafiq Qərar qəbul edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, birdəfəlik ödəmə cari ilin ötən dövründə bu ödəməni almış şəxslərə təsdiq edilmiş qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra ödənəcək və ödəməni almaq üçün həmin vətəndaşların təkrar müraciətinə ehtiyac yoxdur.

Ödəmə birdəfəlik şəkildə həyata keçiriləcək və banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək. Vəsait köçürüldükdən sonra bu barədə vətəndaşlara sms vasitəsilə rəsmi bildiriş göndəriləcək.

Bu növbəti birdəfəlik ödəmə proqramının 600 minə yaxın şəxsi əhatə edəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, bu ilin aprel-may aylarında işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı 600 min şəxsə, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və 5-ci dəfə birdəfəlik ödəmələr verilib.

Ümumilikdə, cari ildə 190 manat birdəfəlik ödəmələrin verilməsi üçün 350 milyon manatdan artıq vəsait sərf olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top