Prezident İlham Əliyev — Azərbaycanın uğur rəmzi


GÜNDƏM 23 dek 2020, 14:11
Müstəqil Azərbaycan Respublikası mövcudluğu ərzində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəylik gününü və Yeni ili özünün ərazi bütövlüyü çərçivəsində, Qarabağla birgə qarşılayır. 2020-ci il bütün bəşəriyyət üçün, o cümlədən Azərbaycan üçün pandemiya ilə əlaqədar çox çətin dövr, ağır sınaqlar ili oldu. Lakin 2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağ işğaldan azad edildi. Bu gün Şuşada, Laçında, Ağdamda dalğalanan  Azərbaycanın üçrəngli bayrağı zəfər bayrağımızdır. Bu bayraq xalqımızın, millətimizin, Azərbaycanın qürurunu özünə qaytardı. Azərbaycan tarixində    özünəməxsus, şanlı səhifə olan bu Zəfər tarixinin isə bir müəllifi var. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.

Azərbaycanın yeni tarixini yazan Prezident İlham Əliyev bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu. Prezident İlham Əliyev cox qısa zaman ərzində Azərbaycanın  ugur tarixini yazdı.  

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Heydər Əliyevin vətənə, xalqa, dövlətə sonsuz məhəbbəti, zəngin siyasi və idarəçilik təcrübəsi, diplomatik məharəti, dövlətçilik təcrübəsi qarşısına qoyduğu məqsədlərin - Azərbaycanın xilası və inkişafı məramının gerçəkləşdirməsində əsas faktor oldu. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq, tarix səhnəsindən, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. O, Azərbaycanı dərin uçurumdan, böhran burulğanından çıxararaq, böyük və sürətli inkişaf yoluna təqdim etdi. O, müasir və müstəqil Azərbaycan dövlətini qurdu. Qurucusu və memarı olduğu Azərbaycan dövlətinin güclü, qüdrətli, inkişaf etmiş ölkəyə çevrilməsinin dayanıqlı sütunlarını yaratdı.

Lakin bütün bunlarla bərabər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında Azərbaycanın müstəqilliyini əbədi edəcək, ona ağır miras kimi qalmış Qarabağ probleminin, ərazi bütövlüyü məsələsinin həllinə nail ola biləcək Liderin yetişdirilməsi daha vacib məqam, tarixi vəzifə və borc idi. Ümummilli Lider Heydər Əliyev digər məsələlərdə olduğu kimi, məhz bu məqamı da tarixi şans kimi dəyərləndirdi və tarixi addımını atdı. Ulu Öndər Azərbaycan dövləti və Azərbaycan xalqı naminə başladığı siyasi kursun layiqli davamçısı kimi cənab İlham Əliyevi təqdim etdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını məhv olmaqdan xilas etməklə yanaşı, həm də Azərbaycanın gələcək xilaskarını – itirilmiş torpaqların xilaskarını, ərazi bütövlüyünü bərpa edəcək Böyük Sərkərdəni xalqa təqdim etdi. Məhz bu amil – cənab İlham Əliyevin siyasi varis kimi təqdim edilməsi Ulu Öndər Heydər Əliyevin tarix qarşısında bəlkə də ən böyük, müqayisəolunmayacaq  xidmətlərindən biri, bəlkə də birincisi oldu.

Azərbaycanın gələcəyinə həmişə nikbin baxan Ulu Öndər tarixi missiyasının oğul İlham Əliyev tərəfindən inamla və uğurla davam etdiriləcəyinə inanırdı. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri əslində Azərbaycanın gələcək inkişaf yolunu, xalqın və dövlətin xoşbəxt gələcəyini müəyyənləşdirirdi. Tarix sübut etdi ki, xalqımızın böyük oğlu, dünya siyasətinin zərgər ustadlarından hesab olunan Heydər Əliyev bu seçimində də yanılmayıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan  çox sürətli və dinamik inkişaf yolu keçdi. 2020 – ci ildə Azərbaycan  artıq iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, Avropanın, eləcə də dünyanın enerji və nəqliyyat xəritəsini dəyişmiş, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz sözü və öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilmişdir. Azərbaycan arxasında güclü iqtisadiyyat və güclü orduya malik söz sahibinə çevrilmişdir. Azərbaycan artıq öz haqqını və hüququnu, milli maraqlarının və mənafeyinin təmin edilməsini acizanə xahiş etmirdi, o bunu artıq tələb və diqtə edirdi. Prezident İlham Əliyev Azərbaycan haqqının və dövlətçilik maraqlarının təmin edilməsi istiqamətində  qəti və inamlı addımlar atmağa başladı.

Həyata keçirilən bütün bu tarixi, misilsiz işlərlə yanaşı, Prezident İlham Əliyevin qarşısında müqəddəs vəzifə - Ata vəsiyyətinin - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident İlham Əliyev, özünün də qeyd etdiyi kimi, həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi Qarabağ idi.

Məşhur “Hökmdar” əsərində liderin belə bir təsviri var: “Hökmdar doğru tarixi şəraitdə, doğru zamanda, strateji və taktiki realliqları hesablayaraq qərar vermək qətiyyəti göstərən tarixi simadır”. Bəli, bütün bu xüsusuyyətləri özündə cəm edən  Prezident İlham Əliyev tam zamanında tarixi qərarını verdi.

Azərbaycan 2020-ci il sentyabrın 27-də aramsız erməni təxribatlarına son qoymaq və düşməni sülhə məcbur etmək üçün şərti adı “Dəmir Yumruq” olan hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Bu, Ali Baş Komandan İlham Əliyevin qələbəsi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə Xalqımızın, Ordumuzun, Milli Birliyimizin, Haqqın və Ədələtin zəfəri idi.

Şuşanın azad edilmləsi münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bəyan etdi: “Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Prezident İlham Əliyev Ata vəsiyyətini, Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi. Bu gün tək Qarabağ yox, işğal altında olan bütün torpaqlarımız geri qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, tarixi ədalətin bərpası, xalqımızın böyük qələbəsi idi. Bu qələbənin isə bir şəriksiz müəllifi var – Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev.

Bu müharibə və onun uğurlu nəticəsi Azərbaycan tarixində qızıl səhifədir. Qızıl səhifədir, ona görə ki, vaxtilə Azərbaycan xəritəsi Şərqin ən böyük coğrafiyalarından birinə mailk idi. Təəssüflər olsun ki, tarix boyu itirə-itirə gəlmişik. İtirdiklərimizin geri qaytarılması isə, son yüz illərin yeni səhifəsidir. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bu səhifəni isə xalqımızın Qəhrəman Oğlu, Ali Baş Komandan, Prezident İlham Əliyev yazdı. Qarabağ müharibəsinin qalibi İlham Əliyev bu möhtəşəm zəfəri ilə həm də yenilməz sərkərdə kimi özünün adını tarixə yazdırdı.

Tarixi hər zaman misilsiz və müqayisəsiz üstün fərqli keyfiyyətləri özündə cəm edən tarixi şəxsiyyətlər və sərkərdələr yazıb. Bu gün Azərbaycan xalqının şanlı tarixini də Ali Baş Komandan İlham Əliyev yazdı.

Bu mühüribəni Azərbaycan qazandı. Çünki bu onun haqq işi idi. Bu müharibəni xalqımız qazandı. Çünki onun Ulu Öndər Heydər Əliyevin oğlu İlham Əliyev kimi yenilməz Lideri vardır.

“Qarabağ Azərbaycandır!” deyən Prezident İlham Əliyev onu tariximizin gerçəkliyi etdi.

Bəli, bu gün Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanındır! Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Bu böyük həqiqətin altında isə bir imza var - Ali Baş Komandan, Prezident İlham Əliyev.

Bu gün bütün Azərbaycan xalqı, bütün dünya Azərbaycanlıları, bütün Türk dünyası Sizinlə qürur duyur, cənab Prezident İlham Əliyev! 


Hüseyn Paşayev,
YAP Siyasi Şurasının üzvü,
YAP Mətbuat Xidmətinin rəhbəri

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 yan 2021, 14:06
Top