Hər gecə eyni saatda oyanırsınızsa, bunları edin

MARAQLI 21 sentyabr 2026, 09:05
Gecənin ortasında qəfil oyanmaq və ardınca narahatlıq hissi yaşamaq bir çox insan üçün tanış vəziyyətdir. Xüsusilə saat 3-4 radələrində insanın fikri ailə problemlərinə, işdəki gərginliyə və səhər görüləcək işlərə yönələ bilər. Bu isə yenidən yuxuya getməyi çətinləşdirir.

Demokrat.az
"Upworthy" saytına istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, belə oyanmaların səbəblərindən biri orqanizmdə stress hormonu olan kortizolun səviyyəsinin dəyişməsidir. Səhərə yaxın kortizol yüksəlməyə başlayır, yuxu ilə əlaqəli melatonin səviyyəsi isə azalır. Gündəlik həyatda stress çoxdursa, bu hormonal dəyişikliklər insanın narahatlıqla oyanmasına səbəb ola bilər.

Psixologiya və yuxu üzrə tədqiqatçı Qreq Mürrey bildirir ki, gecə insan özünü daha həssas hiss edə bilər. Bu zaman gündüz kömək edən sosial əlaqələr və digər diqqət yayındırıcı amillər əlçatan olmadığından mənfi düşüncələr daha da güclənə bilər.

Bunun qarşısını almaq üçün bir neçə sadə üsuldan istifadə etmək mümkündür.

Görüləcək işləri kağıza yazın

Əgər sizi səhər görəcəyiniz işlər düşündürürsə, onları yadda saxlamağa çalışmaq əvəzinə siyahı hazırlamaq faydalı ola bilər. Yuxu mütəxəssisi Ceyd Vu bu zaman yataqdan qalxaraq qısa bir siyahı yazmağı və səhər ona baxmağı tövsiyə edir. Bu, beynə həmin məsələlərlə səhər məşğul olacağınızı xatırlatmağa kömək edə bilər.

Nəfəsinizə diqqət yetirin

Narahat düşüncələri dayandırmağın başqa yolu diqqəti nəfəs alma prosesinə yönəltməkdir. Yavaş və ritmik nəfəs alma həm fikirlərin başqa istiqamətə yönəlməsinə, həm də bədənin rahatlamasına kömək edə bilər. Bu üsul sadə meditasiya formasında da tətbiq olunur.

Aclıq hissini nəzərə alın

Bəzi hallarda gecə oyanmasının səbəbi aclıq və qan şəkərinin aşağı düşməsi ola bilər. Belə vəziyyətdə kiçik qəlyanaltı qəbul etmək fayda verə bilər. Mütəxəssislər zülal və yağ tərkibli yüngül qidalara, məsələn, fıstıq əzməsinə üstünlük verilməsini məsləhət görürlər.

Ən vacibi isə gecə oyanmağı şəxsi zəiflik kimi qəbul etməməkdir. Stress və yuxu arasındakı əlaqə orqanizmdə gedən bioloji proseslərlə bağlı ola bilər. Buna görə həmin anda özünü daha çox sıxmaq əvəzinə sakitləşməyə çalışmaq yenidən yuxuya getməyi asanlaşdıra bilər.

Mütəxəssislər sağlamlıq üçün kifayət qədər və nizamlı yuxunun vacib olduğunu bildirirlər. Yuxu ehtiyacı insandan insana dəyişsə də, böyüklər üçün ümumilikdə gecə 7-9 saat yuxu tövsiyə olunur.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top