Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşdü — FOTO

SİYASƏT 21 dek 2020, 22:15

Dekabrın 21-də Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə, Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri general-polkovnik Yevgeniy Ziniçevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkələrimiz arasında möhkəm dostluq və qədim tarixə əsaslanan sıx qonşuluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bu çərçivədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edən nazir əlaqələrin yüksələn xətlə inkişafını vurğulayıb, bir sıra aidiyyəti istiqamətlərdə, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində humanitar sahədə koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçev iki qurum arasında mövcud əlaqələrin dinamik inkişaf etdiyini qeyd edib. O, əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu, habelə humanitar məsələlərin həlli ilə bağlı hər iki nazirliyin aidiyyəti qurumları arasında mütəmadi görüş və müzakirələrin keçirilməsinin faydalı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top