Talış və Suqovuşana gedən yolun tikintisi davam edir — FOTO


İNFRASTRUKTUR 20 dek 2020, 16:52
Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdə bir sıra infrastruktur layihələrinin icrasına başlanılıb. Belə layihələrdən biri də Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri Suqovuşan kəndinə gedərək yolun bərpası istiqamətində keçirilən genişmiqyaslı tikinti işləri ilə tanış olub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühəndisi Pərviz Əliyev bildirib ki, ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun bərpa olunur. İki geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr təşkil edir.

Tikinti işləri zamanı yollar boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və yeni yol əsası inşa edilib. Artıq yol yatağının və yol əsasının inşası başa çatıb. Hazırda asfaltlanma işləri həyata keçirilir. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. İşlərin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.

İşğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolunun yenidən qurulması sakinlərin sevincinə səbəb olub. Suqovuşan kənd sakini Xaliq Hümbətov Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yolunu xəyalların, ümidlərin yolu adlandırıb. "Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 3-də kəndimiz işğaldan azad edildi. Vətən müharibəsi gedə-gedə kəndimizə yol çəkilişi başlandı. Prezidentimizə minnətdarıq. Biz həmişə bu yolu xəyal etmişdik. Bu gün bu arzumuz gerçəkləşir. Buna görə çox şadıq. Kəndimizin sakinləri indi səbirsizliklə gözləyirlər ki, inşa edilən bu yeni yolla doğma yerlərimizə qayıtsınlar. Biz məcburi köçkünlər anlayırıq ki, Vətəndən gözəl heç nə yoxdur. Vətən insana anadır, hətta anadan da əzizdir".

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə, Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.









Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top