Övladları Əliyar Əliyevin məzarını ziyarət etdilər — FOTO

GÜNDƏM 16 dek 2020, 17:49
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin övladları onun məzarını ziyarət ediblər.

Bu barədə fotolar sosial şəbəkələrdə yayılıb.

Onlar Qubadlı rayonunun Qəzyan kəndində yerləşən atalarının qəbri üstə güllər düzüb, Azərbaycan bayrağını qoyublar. Qeyd edək ki, Ə.Əliyev 1957-ci ildə dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub.

Qarabağ müharibəsi başlayanda Ə.Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilib.

1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib.

O, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad edib.

Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub.

“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunub.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top