Müharibənin vurduğu yaralar sarılır

SOSİAL 15 dek 2020, 21:32
Sosial müdafiə tədbirləri Vətən müharibəsindən zərər görən mülki əhalinin də acılarına məlhəm olacaq.

44 günlük Vətən müharibəsindən sonra cəmiyyətdə müzakirə predmeti olan məsələlərdən biri də hərbi əməliyyatların doğurduğu və qaçılması mümkün olmayan problemlərin nə dərəcədə çözüləcəyi məsələsi idi. “Dövlət müharibənin vurduğu yaraları sarımaq üçün yetərli addımlar atacaqmı” sualının müəyyən dairələrdə dartışıldığı sirr deyildi. 

Söhbət ondan gedir ki, Qələbə ilə sonuclanan hərbi əməliyyatlar zamanı şəhid olan və ya sağlamlığını itirmiş şəxslərlə yanaşı, mülki əhaliyə də ciddi ziyan dəymişdi.  Yəni sosial müdafiə tədbirləri elə həyata keçirilməliydi ki, Vətən müharibəsindən zərər görən mülki əhalinin də açılarına məlhəm ola bilsin. Erməni faşizmindən nəsibini alan Gəncə, Bərdə, Tərtər və digər ərazilərdə xeyli sayda mülki əhalinin əmlakına ziyan dəymiş, 100-ə yaxın insan həyatını itirmiş, 400-dən çox insan isə yaralanmışdı.

Təqdir olunmalı haldır ki, dövlətin müharibədən ötən 1 aydan çox zaman kəsiyində atdığı sosial müdafiə xarakterli addımlar sırasında qeyd olunan kateqoriaya aid əhali xüsusi yer aldı. İlk növbədə müharibə zamanı həyatını itirmiş mülki şəxslərə şəhid statusu verildi. Ardınca cəbhə xəttindən kənarda olan və Ermənistanın müharibə cinayətlərindən nəsibini almış şəxslərin əmlak problemlərinin həlli üçün addımlar atıldı. 

Prezident İlham Əliyev 6 noyabr tarixində “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” müvafiq Sərəncama imza atdı. Bu sənəddə problemin həlli üçün konkret tapşırıqlar əksini tapmışdı və Baş nazirin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmışdı. Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq sənəd imzalanmış və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılmışdı. Yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdi.
Sərəncamda diqqət çəkən digər məqam Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi məsələsi idi. Belə ki, məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir. Burada eyni zamanda, şəxsi, məkan və zaman informasiyaları, 10 ədədək foto və 3 dəqiqəlik video, qiymətləndirmənin məbləği və digər bu kimi məlumatlar da öz əksini tapacaqdır. Bu addım həm şəffaflığın təmin olunmasına, həm də ziyan görmüş əhali ilə bağlı dürüst bazanın yaradılmasına istiqamətlənmiş mühüm addımdır.

Verilən tapşırığın zamanında icrası üçün Prezidentin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər hazırda təxirəsalınmadan davam etdirilir. Və proses yekunlaşmaq üzrədir.

Dekabrın 14-də isə Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı növbəti Sərəncam imzalanıb.

Bu Sərəncamla 

- təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, 

- şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat,

- digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat 

məbləğində maddi yardımın ayrılması qərara alınıb.

Sənəddə maliyyələşmənin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar da yer alıb. Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcəklər.

Vurğulamaq vacibdir ki, bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir.

Dövlətin növbəti mərhələ üçün atacağı addımlar da bəllidir; mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Və bütün bu tədbirlər nəzərdə tutulmuş müddətlərdə, tez bir zamanda həyata keçiriləcək.

Bununla yanaşı, xüsusi vurğulanmalıdır ki, 44 günlük Vətən müharibəsində canını, qanını Vətən yolunda fəda etmiş insanların, onların ailələrinin sosial müdafiəsi xüsusi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin müharibədən sonra imzaladığı ilk fərmanlardan biri məhz bu istiqamətdə oldu. Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətin növbəti əyani təzahürüdür. 

Bütün bunlar Azərbaycan dövlətinin şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə hərtərəfli dəstəyin göstərilməsi, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərə əlavə töhfə verəcək. Verilən son qərarlar müharibənin insanların həyatında yaratdığı yaraların kökündən həll edilməsi üçün real addımların atılmasına, ortaya çıxan ayrı-ayrı sosial problemlərin həllinin diqqətdə saxlanılmasına imkan saxlayacaq.

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top