Pol Qoblın planı reallaşır: “Ermənistan Zəngəzuru itirəcək”

MÜSAHİBƏ 08 dek 2020, 23:46
“Başda Rusiya olmaqla, az qala bütün dövlətlərin Türkiyənin bu regiona daxil olmasına qarşı çıxdığını görürük. 44 günlük marhibə dövründə ayrı-ayrı dövlətlərdən verilən bəyanatlar da göstərir ki, Türkiyənin bu prosesdə iştirakında maraqlı olmayan kifayət qədər qüvvə var. Lakin Azərbaycan ordusunun Qarabağda uğurlu hərbi əməliyyatlar aparması və Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu Rusiyanı vadar etdi ki, Monitorinq Mərkəzində rus və türk hərbçiləri atəşkəsə birgə nəzarət etsinlər”.

Demokrat.az  “Bakı” politoloqlar klubunun rəhbəri Zaur Məmmədovun müsahibəsini təqdim edir.

– Almaniya hərbçilərinin Aralıq dənizində müdaxiləsindən sonra növbəti bir Türkiyə gəmisi Liviya sahillərində qiyamçı Haftar qüvvələri tərəfindən saxlanılıb. Bir tərəfdə Fransa və Yunanıstan da Türkiyəni açıq dillə təhdidlərini davam etdirir. Türkiyənin baş verənlərə cavabı nə olacaq, gərginlik öz məcrasından çıxa bilərmi?

– Bütün tərəflərdən, bütün cəbhələrdən Türkiyəyə qarşı təhdidlərin şahidiyik. Təəssüflər olsun ki, istər Yaxın Şərqin ərəb ölkələrindən, istərsə də Qərbi Avropa dövlətlərindən Türkiyəyə düşmən münasibət var. Ankaranın artıq regional güc olması, öz geosiyasi ambisiyasını daha böyük ərazilərdə nümayiş etdirməsi Fransa başda olmaqla, Qərbi Avropa dövlətlərini ciddi narahat edir.

Həmin dövlətlər koalisiya quraraq Ankaraya qarşı mübarizə aparmaq niyyətlərini ortaya qoyurlar. Amma bunun uğurlu alınacağını düşünmürəm. Çünki Türkiyə kifayət qədər hərbi və iqtisadi gücə malik dövlətdir.

Əlbəttə, Türkiyə tək deyil. Türkiyəni publika qarşısında görünməyən, amma arxada dəstəkləyən qüvvələr var. Biz son zamanlarda İsrail və Böyük Britaniyanın Türkiyə ilə yaxınlaşmasının şahidiyik. Bu gün Türkiyə Aralıq dənizində özünü göstərməsəydi və mövcud olmasaydı, NATO-nun cənub bölgəsi olan bu su hövzəsində bu hərbi bloka rəqib olan Rusiya Liviyada Haftar qüvvələrinin qalib gəlməsinə müyəssər olacaqdı.

Biz Qarabağda olduğu kimi burada da, Qərbi Avropa dövlətlərinin öz ənənəvi rəqibləri olan Rusiyaya qarşı yox, müttəfiqləri Türkiyəyə qarşı mübarizəsini görürük.

– Qeyd etdiyiniz kimi, Avropa İttifaqına üzv dövlətlərlə münasibətlər də kifayət qədər gərgindir. Bəs yeni Prezident Co Baydenin dönəmində ABŞ Türkiyəyə yönəlik hansı strategiyanı izləyəcək?

– Yəqin ki, Bayden istəməsə belə, onun dövründə ABŞ-Türkiyə münasibətlərinin bir qədər istiləşməsini görə biləcəyik. Çünki Baydenin əsas hədəfləri Çin və Rusiyadır. Belə olan təqdirdə, biz onun Türkiyə ilə münasibətlərin sıx şəkildə inkişaf etdirməsinin şahidi olacağıq.

– Qarabağda qurulan birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzi ilə bağlı bir sıra cavabsız suallar var. Bunlardan biri də Türkiyənin hansı sayda qüvvə ilə təmsil olunacağı ilə bağlıdır. Ümumiyyətlə, bu Monitorinq Mərkəzinin mahiyyəti nədən ibarətdir, Türkiyəyə prosesin içində yer almasına, bölgədə tərəf kimi özünə yer etməsinə imkan yaradırmı?

– Başda Rusiya olmaqla, az qala bütün dövlətlərin Türkiyənin bu regiona daxil olmasına qarşı çıxdığını görürük. 44 günlük marhibə dövründə ayrı-ayrı dövlətlərdən verilən bəyanatlar da göstərir ki, Türkiyənin bu prosesdə iştirakında maraqlı olmayan kifayət qədər qüvvə var.

Lakin Azərbaycan ordusunun Qarabağda uğurlu hərbi əməliyyatlar aparması və Türkiyənin Cənubi Qafqazdakı mövcudluğu Rusiyanı vadar etdi ki, Monitorinq Mərkəzində rus və türk hərbçiləri atəşkəsə birgə nəzarət etsinlər.

Əslində Türkiyə hərbçilərinin sayı rəsmi şəkildə açıqlanmasa da, qeyri-rəsmi formada bu gün Türkiyənin Azərbaycanda böyük hərbi mövcudluğunun olduğu bildirilir. Bu, Azərbaycan üçün vacib amildir ki, gələcəkdə hansısa problem yaranarsa, türk ordusunun gücündən istifadə edilsin. Bu gün Cənubi Qafqazda gedən proseslər regionun gələcəyini müəyyən edən hadisələrdir. Biz qarşıdakı aylar ərzində qarşılıqlı dialoqun hansı nəticələr verəcəyini görəcəyik.

Çox güman ki, Rusiya və Türkiyə arasında qaçılmaz olan əməkdaşlıq Azərbaycanın maraqlarının təmin edilməsi ilə nəticələnəcək. Biz indi bu istiqamətdə mühüm addımların atılmasının şahidiyik. Əgər hansısa dövlət Qarabağ məsələsində Azərbaycanla münasibətlərdə fərqli yanaşma nümayiş etdirərsə, Türkiyənin buradakı hərbi varlığı öz sözünü demiş olacaq.

İndiki məqamda gedən proseslər onu deməyə əsas verir ki, türk ordusuna qarşı çıxmaq arzuolunmaz olardı. Qarşılıqlı dialoq davam etməlidir ki, Cənubi Qafqazda mühüm nəticələr əldə edilsin. Əks halda, bu, münaqişəyə gətirib çıxara bilər.

– Müharibədən sonra Ermənistan daxilində vəziyyət kifayət qədər gərgindir. Müxalifət cidd-cəhdlə Baş nazir Paşinyanı vaxtından əvvəl kürsüdən endirməyə çalışır. Müxalifət Paşinyanın qarşısında öz vahid namizədi keçmiş baş nazir Vazgen Manukyanla çıxmaq niyyətindədir. Sizcə, Manukyanın hakimiyyətə gəlməsi nəyi dəyişə bilər?

– Manukyan hakimiyyətə bir müddət üçün gələ bilər. Yəni plan baş tutsa, o, hakimiyyətdə uzun müddət qalmayacaq. Onun hakimiyyətə gəlməsi Ermənistanda yeni seçkilərə hazırlıq məqsədi daşıya bilər. Əlbəttə, Ermənistan daxilində baş verənlər Qarabağa təsir edəcək. Bu gün Ermənistandakı bütün namizədlərin rusiyapərəst çıxışlar etdiyini görürük. Əslində başqa cür mümkün də deyil. Son hadisələr də göstərdi ki, Moskva Ermənistanda hakimiyyətin dəyişməsinə bir şərtlər razı olar ki, iqtidara Rusiyaya yaxınlığı ilə seçilən şəxs gəlsin.

74 yaşlı Manukyana gəldikdə, son mitinq zamanı Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər onun da Ermənistandakı digər siyasətçilərdən fərqli olmadığını göstərir. İstər Ermənistan hakimiyyəti, istərsə də müxalifətindəki şəxslərin Qarabağla bağlı çıxışları göstərir ki, baş verənləri adekvat dəyərləndirmirlər. Ara Ayvazyanın Moskvada 1915-ci il hadisələrinə qayıdışı, bir daha bu xalqın hansı xəstə təxəyyülə malik olmasının göstəricisidir.

– Erməni mediası Zəngəzur məsələsini də müzakirəyə çıxarıb, düşmən ölkədə bu məsələ ətrafında gərgin polemika var. Zəngəzurun itirilməsi qorxusunu yaşayırlar. Sizcə, bu məsələni gündəmə gətirən əsas amillər nədir, ermənilərin bu narahatlığına ciddi bir əsas varmı?

– Ermənistan Zəngəzuru itirəcək, bu, şübhəsiz ki, belə olacaq. Amma bunun tez bir zamanda baş verəcəyini düşünmürəm. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun geri qaytarılması Türkiyə və Azərbaycanın bölgədə daha da güclənməsinə adekvat olaraq, xristian ittifaqlarının zəifləməsi ilə baş verəcək. Bu gün Ermənistanda Zəngəzurun itirilməsi məsələsininin gündəmdə olması qorxu hissi ilə əlaqədardır. Ermənilər düşünürlər ki, bu bölgələri itirə bilərlər.

Hələ 1999-cu ildə məşhur amerikalı diplomat Pol Qobl da dönəmin Ermənistan prezidenti Robert Köçəryana təklif etmişdi ki, Mehrini Azərbaycana versin. Hələ o zaman bu məsələ ətrafında Ermənistanda ciddi diskussiya yaşanmışdı. Deyilənə görə, Köçəryanın buna meyli olsa da, Ermənistandakı bir sıra siyasi partiyalar, o cümlədən baş nazir buna qarşı çıxmışdılar.

Ümumiyyətlə Mehri və Zəngəzur məsələsiçox ciddi məsələdir. Yaxın vaxtlarda olmasa da, müəyyən müddətdən sonra bu məsələ də Azərbaycanın lehinə həll ediləcək.  /Teleqraf

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top