Qarabağda qanunsuz məskunlaşma: düşmən beynəlxalq qanunları kobudcasına pozub

TƏHLİL 07 noy 2020, 18:06

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binaya baxış zamanı əldə olunan sənədli materialların arasında Suriya vətəndaşlarına aid siyahı və pasport sürətləri tapılıb. Siyahıda siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.


Bu suriyalı ermənilərindən bəzilərinin adına verilmiş posportların kserosurətləri də aşkarlanıb: 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (pasport: 004-11-L128622), 01.01.1962-ci ildə Suriyada anadan olmuş Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227).


Ermənistan işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmanı uzun müddətdir həyata keçirib. Xüsusilə Suriya münaqişəsi başlayandan sonra Yaxın Şərqdəki erməni əsilli vətəndaşların köçürülməsi prosesi genişləndirildi. Müharibədən qaçan suriyalı ermənilər Ermənistanda yaşamaq hüququ qarşılığında işğal olunmuş ərazilərdə məskunlaşdırılırdı. 


Bu ilin Avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Ermənistan məskunlaşma prosesini yenidən sürətləndirdi. 
 

Sentyabr ayından etibarən bu köçürmə sürətləndirildi. Hətta ilkin mərhələdə işğal altındakı Dağlıq Qarabağa Livandan 150 erməni ailəsinin köçürülməsi planlaşdırılırdı. Avqustun 26-də Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat katibi Zare Sinanyanın açıqlamasında deyilirdi: 


“Livan ermənilərindən iki həkim ailəsi “Artsax”-a (Dağlıq Qarabağ) köçürüldü, onlar Şuşa şəhərində məskunlaşdırıldı”.

Sosial şəbəkələrin erməni seqmentində də Livan ermənilərinin Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətə malik Şuşaya köçürüldüyünə dair məlumatlar yayılırdı. 


"Azadlıq" radiosunun erməni xidmətinin Şuşa şəhərinə köçürülən erməni ailəsindən hazırladığı videoreportajda işğal altındakı ərazilərə qanunsuz köçürmə prosesi açıq şəkildə sübut olunurdu. Livan ermənisi olan aşpaz Toni Hajar üç nəfərdən ibarət olan ailəsi ilə birlikdə məskunlaşdığı işğal altındakı Şuşada “kulinariya layihəsi”ni həyata keçirmək niyyətində olduğunu açıqlamışdı.


Ermənistan mediası və digər mənbələrdə yayımlanan məlumatlara görə, Livandan gələn erməni ailələrə “yaşamaq hüququ”, “sosial dəstək” qarşılığında Qarabağda yaşamaq şərti irəli sürülüb.


İşğalçı ölkənin Azərbaycan torpaqlarına qanunsuz köçürmə siyasətinin əsas səbəbi erməni əhalisinin sayını süni şəkildə artırmaqdır.


Bu  məskunlaşdırma proseso Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Kəlbəcər də daxil olmaqla bütün ərazilərdə aparılıb. 


"Azərkosmos" ASC-nin “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ortaya çıxan işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salınması faktı da qanunsuz köçürmənin sübutlarından biridir. 


2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni 15 evdən ibarət idi: 2020-ci ilin yanvar ayında bu yaşayış məskənində 6 ev, martda 10 ev, apreldə 14 ev hazır vəziyyətə gətirilib, avqust ayında bu rəqəm artıq 15-ə çatmışdı. 


Bununla yanaşı, süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq, son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksi, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələrində evlərin tikilməsi ilə bağlı qeyri-qanuni fəaliyyət həyata keçirilib.


Bütün dünya Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edirdi. 


Azərbaycan Beyrut partlayışından sonra Livana 1 milyon dollar yardım ayırdı, Ermənistan isə evsiz qalmış Livan ermənilərini işğal olunmuş ərazilərdə məskunlaşdırır, onları məsuliyyətsiz, avantürüst siyasətinin qurbanına çevirirdi. 


Ermənistan bu addımı ilə beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. 


İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həm də müharibə cinayətidir. Tarixdə bununla bağlı təcrübə və cəza mövcuddur. 


Misal üçün, 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı müttəhimlərin ikisini işğal olunmuş ərazilərin etnik tərkibinin dəyişdirilməsinə görə təqsirli olduğu barədə qərar vermişdi.


BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə Keçmiş Yuqoslaviya üzrə qəbul etdiyi 752 nömrəli qətnamədə “Keçmiş Yuqoslaviyanın hər yerində, əhalinin etnik tərkibini dəyişdirmə cəhdlərini dayandırmağa” çağırmışdı.


Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən, “İşğalçı dövlət tərəfindən öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə birbaşa və ya dolayı yolla köçürməsi” müharibə cinayətini təşkil edir.


Hətta Ermənistan qanunvericiliyində də qanunsuz məskunlaşdırma cinayət olaraq tanınır. Bu ölkənin Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur.


Ermənistan qanunsuz məskunlaşma siyasəti ilə beynəlxalq hüququ pozur və beynəlxalq qanunvricilikdə təsbiq olunmuş müharibə cinayəti törədir.


Azərbaycan dəfələrlə vurğulayıb ki, işğal olunmuş ərazilərdə həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tanımır.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top