Bir ölkəyə iki Hacıyev artıqdır... — YAZI

MARAQLI 07 fevral 2020, 14:14

Azərbaycan cəmiyyətinin ən böyük bəlalarından biri populizmdir və bu gün istənilən şəxs sosial şəbəkədə bu vasitə ilə məşhurlaşa, “haqq çarçısına” çevrilə bilir. Ən dəhşətlisi isə siyasi populizmdir ki, adətən bu, cəmiyyətin maraqlarının sömürülməsi hesabına edilir: bir siyasətçi, yaxud özünü siyasətçi hesab edən biri xalqın maraqlarından bəhs edir, özünü “haqq müdafiəçisi” kimi göstərir. Halbuki, hədəfi cəmiyyətin həssas məqamları üzərində karyera ucaltmaqdır. Belə adamların səmimiyyəti həmişə şübhəli olub. 


Azərbaycan siyasəti 90-cı illərdə populizmin əsirinə çevrilmişdi. Sonrakı mərhələdə praqmatizm bu bəlanı sıradan çıxarmağı bacardı, lakin bu gün bəzilərinin siyasi populizmlə cəmiyyətin enerjisini əmməyə çalışdığı müşahidə olunur. Xüsusilə qızğın seçki marafonu belələri üçün ələdüşməz platformaya çevrildi. Onlardan biri haqda - bəlkə də birincisi barədə danışacağıq. 

 


29 saylı Səbail seçki dairəsində namizədliyini irəli sürən Bəxtiyar Hacıyev, sosial şəbəkələrin “fenomeni”, yaxud kimlərəsə görə yeniyetmə qızların sevimlisi və sair...


Bütün siyasi mövcudluğu sosial şəbəkədə olan Bəxtiyar Hacıyev tez-tez Harvard Universitetini bitirdiyini gözə soxur. Halbuki, bu universiteti bitirənlərin nüfuzu və fəaliyyəti fonunda Hacıyevin çəkisi gözə dəymir. Görünür, o, universiteti sadəcə “başa vura bilib”. Bununla yanaşı, tez-tez özünü “ədalət uğrunda mübariz” kimi təqdim edir. Hətta, buna görə həbs edildiyini iddia edir. Buna yalnız Bəxtiyar Hacıyevin ətrafındakı yeniyetmələr inana bilər. Siyasi və media cameəsi onun məhz hərbi xidmətdən yayındığı üçün məsuliyyətə cəlb edildiyini yaxşı xatırlayır. İndi Vətən qarşısında borcunu verməkdən boyun qaçıran birinin müharibə şəraitində olan ölkənin qanunverici orqanında təmsil olunmaq iddiası nə dərəcədə doğrudur?

 


Bəxtiyar Hacıyev təbliğat-təşviqat kampaniyasını da əsasən sosial şəbəkələrdə aparır. Hərçənd, adamın ən böyük bacarığının status yazmaq olduğunu nəzərə alsaq, o qədər də təəccüblü deyil. Bu kampaniyanın mahiyyəti isə özünə vurğunluqdur. Tez-tez “mən seçki texnologiyasını yüksək bilirəm”, “PR mənim işimdir” tipli yanaşmaları diqqət çəkir. Əldə etdiyimiz məlumat Bəxtiyar Hacıyevin PR-nın pərdə arxasını ifşa edir.      


Məlumata görə, Bəxtiyar Hacıyevin imza toplama və təbliğat-təşviqat kampaniyasını aparanlar Əli Kərimlinin dəstəsidir. AXCP-Müsavat parlament seçkilərini boykot edib, lakin AXCP-nin Təşkilat Komitəsinin sədri, Səbail rayon sakini Saqif Qurbanov Hacıyevin seçki kampaniyasında açar isimlərdəndir. 

 


Şahidlər bildirir ki, Bəxtiyar Hacıyevin təşviqat materiallarının lövhələrə vurulması işini də Saqif Qurbanovun rəhbərlik etdiyi qrup həyata keçirib. Onlar Əli Kərimlinin göstərişi ilə bunu edirlər. Seçki günü AXCP üzvlərinin Bəxtiyar Hacıyevin müşahidəçiləri olacağı da deyilir. 


29 saylı Səbail seçki dairəsində namizədlərdən biri də Müsavat Partiyası başqanının müavini Fərəc Kərimovdur. Maraqlıdır ki, Əli Kərimli Fərəc Kərimova yox, məhz Bəxtiyar Hacıyevə dəstək verir. Bunun səbəbləri naməlum olaraq qalır, lakin mümkündür ki, tərəflər arasında gizli anlaşma var.

 


Bu faktlar Bəxtiyar Hacıyevin “möhtəşəm PR-nın” Əli Kərimlinin ümidinə qaldığını bir daha təsdiqləyir. Müşahidələr göstərir ki, Bəxtiyar Hacıyevin seçki kampaniyası siyasi populizmdən ibarətdir. Yerli gəlmişkən, Bəxtiyar Hacıyev "Azərbaycan siyasətinin Jirinoviskisi" kimi tanınan, tez-tez gülüş hədəfinə çevrilən Hafiz Hacıyevin yaxın qohmudur. Görünür, Harvardda oxumaq Bəxtiyar Hacıyevin şəxsi mahiyyətini dəyişdirə bilməyib. O, sadəcə olaraq, Hafiz Hacıyevi bir üst pillədə təkrarlayır və bu da yəqin ki, aldığı təhsildən qaynaqlanır. Bu gün o, Azərbaycan siyasətinin üfüqündə yeni doğulan Hacıyevdir. Halbuki, bir ölkəyə iki Hacıyev artıqdır...


Elçin Rizvanoğlu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top