Səhər saatlarında paytaxtın məhəllələrindən biri xüsusi bir səslə dolur: “Dəmir yığram, dəmir! Köhnə dəmir əşyaları olanlar gəlsin!”. Bu çağırış dəmir, mis, köhnə metal əşyaları ev sahiblərindən alıb metalloma təhvil verən insanların gününə başlama işarəsidir. Onların ayaq izləri şəhərin digər ritmləri kimi görünməz olsa da, hər biri bir ailənin dolanışığını daşıyır.
Orxan da onlardan biridir. 30 yaşı var. Musavat.com-a danışarkən üzündə həm yorğun, həm də bir az da qənaətbəxş təbəssüm sezilir. O deyir ki, dəmirin kilosunu 30 qəpiyə, misin kilosunu isə 11 manata alırlar. Bir neçə nəfər birləşib bu işi görürlər — məqsəd sadədir: “Özümüzü belə dolandırırıq. 30 yaşım var, başqa işlə məşğul olmuram. Çörəyimi dəmir satmaqdan çıxarıram. Nə edim, necəsə dolanmalıyam da. Tezdən başlayıb axşam saat 5–6-ya kimi küçələri dolaşıram ki, bəlkə, kimsə əşyasını təhvil verdi”.
Orxanın sözlərində sabit gəlirin yoxluğu, həyatın qeyri-müəyyənliyi özünü aydın göstərir: “Bu iş qumar kimidir,” - deyir o.
“Elə gün olur ki, 10–15 manat qazanırıq, elə də olur ki, iki gün cibim pul görmür”.
Hər günün taleyi qaytarılmayan, gözlənilməz gəlirlə ölçülür. Yazın küləyi, yayın isti, qışın şaxtası — hamısı onların işinin ayrılmaz hissəsidir.
Əllərinə baxanda sözün əsl mənasında həyatın izlərini görürsən: “Əllərim cadar-cadardır. Küçə insanı qocaldır”. Bu söz təkcə fiziki yorğunluğu yox, küçə həyatının insan üzərindəki əzici təsirini də dilə gətirir. Dəmir-köhnə əşyaları toplayıb metalloma təhvil vermək onların zəruri ehtiyacından doğur — əvəzində yeməyə, kirayəyə, gündəlik xərclərə pul çıxır.
Orxanın izahı qısa və səmimidir: “İndi asan iş var ki? Amma dolanmaq lazımdır da. Başqa necə dolanaq? Biz bu işlə hələ kirayə qalırıq. Mən subayam, elə adam var ki, dəmir yığmaqla ailə saxlayır. Əslində, bu, iş deyil, sadəcə ölməmək üçün, qarnımızı tox saxlamaq üçün məcburən gördüyümüz işdir.”
Onların işi görünməz əməklə doludur: gündəlik az-çox gəlir üçün yorulmaq, soyuqda donmamaq, yağışda əşyaları korlamamaq, bəzən heç sifariş gözləmədən əli boş qayıtmaq.
Bu insanlar üçün küçə həm maaş, həm məkan, həm də düşərgədir. Orxanın səmimi sözləri bu gerçəkliyi belə yekunlaşdırır: “Dəmir yığmaq bizim üçün ixtisas deyil — yaşamaq sənətidir”.
Günorta saatlarında Orxanın çağırışı məhəllənin divarından əks-səda verir: “Dəmir yığıram, dəmir!”. Səs itdikcə küçə sakitləşir, amma onun və onun kimilərinin savaşı — hər kilo üçün verilən mübarizə — davam edir.

