“İrəvana gedəcək növbəti heyətdə gənc politoloqlar və media nümayəndələrinin iştirakı vacibdir” — Politoloq

GÜNDƏM 28 oktyabr 2025, 21:22
“Azərbaycan və Ermənistan nümayəndələrinin son görüşü regionda sülhün və qarşılıqlı etimadın bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyır. Belə görüşlər cəmiyyətlərarası dialoqun təşviq olunması, qarşılıqlı anlaşmanın formalaşdırılması və sülhün möhkəmləndirilməsi üçün çox önəmlidir”. 

Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.

O əlavə edib ki, münaqişədən çıxmış və ya münaqişə riski olan bölgələrdə ictimai diplomatiya alətləri mühüm rol oynayır:

“Son zamanlar təşkil edilən Azərbaycan-Ermənistan ictimai nümayəndə heyətlərinin görüşləri təqdirəlayiq təşəbbüsdür. Görüşdə iştirak edən nümayəndə heyətləri arasında tanınmış ekspertlər, politoloqlar, vətəndaş cəmiyyəti nümayəndələri və ictimai xadimlər yer alırdı. Azərbaycan tərəfindən nümayəndə heyətində öz sahəsində peşəkar olan, uzun müddət Azərbaycan-Ermənistan münasibətləri üzrə tədqiqat aparan tanınmış şəxslər təmsil olunurdu. Bu, görüşlərin məzmun və keyfiyyət baxımından əhəmiyyətli olmasını təmin etmişdi. Nümayəndə heyətinin daha da genişləndirilməsi, müxtəlif sahələrdən və fərqli yaş kateqoriyalarından olan şəxslərin bu təşəbbüslərə cəlb edilməsi təklif olunur. Xüsusilə Qərbi Azərbaycan İcmasının təmsilçilərinin bu görüşlərdə iştirakı həm simvolik, həm də praktiki baxımdan vacib olardı. Onların Ermənistana səfər etməsi, öz doğma yurdlarını görməsi və qarşı tərəflə birbaşa təmasda olması sülh prosesinə ciddi töhfə verə bilər. Gələcək nümayəndə heyətlərində gənc politoloqların, tədqiqatçıların və media nümayəndələrinin iştirakı da vacibdir. Bu cür səfərlər onlara sahə üzrə biliklərini genişləndirmək, hadisələri birbaşa müşahidə etmək və qarşı tərəfin ictimaiyyətinin mövqeyini daha yaxşı anlamaq imkanı verər”. 

Politoloq bildirib ki, belə təmaslar yalnız dövlətlərarası deyil, cəmiyyətlərarası münasibətlərin də qurulmasında mühüm rol oynayır:

“Qarşılıqlı səfərlərin təşkili yəni həm erməni nümayəndələrinin Azərbaycana, həm də azərbaycanlı nümayəndələrin Ermənistana səfərləri davamlı şəkildə həyata keçirilməlidir. Bu səfərlər çərçivəsində nümayəndə heyətlərinin qarşı tərəfin tarixi, mədəni abidələri ilə tanış olması, ictimaiyyət nümayəndələri, gənclər, alimlər və jurnalistlərlə görüşlər keçirməsi olduqca faydalı olar. Belə tədbirlər cəmiyyətlərdə qarşı tərəf haqqında daha obyektiv fikir formalaşdırır və stereotiplərin aradan qaldırılmasına xidmət edir. Bu sahədə illərdir çalışan bir şəxs olaraq, Ermənistanın ictimaiyyət nümayəndələri ilə birbaşa dialoqda olmaq, onların baxış bucağını yerindəcə öyrənmək və müzakirələr aparmaq mənim üçün də faydalı və maraqlı olardı. Belə təmaslar, həm fərdi səviyyədə təcrübənin artmasına, həm də ümumi ictimai diplomatiya səylərinin gücləndirilməsinə xidmət edər”. verəcəkdir.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top