TDT Zirvəsi: "Macarıstan həm Avropa İttifaqı ilə münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində bizə dəstək verir"

GÜNDƏM 11 oktyabr 2025, 18:45
“6-7 oktyabr tarixlərində Türkdilli Dövlətlər Təşkilatının 12-ci Zirvə Görüşü Qəbələ şəhərində keçirildi. Qəbələ bundan əvvəl, 2013-ci ildə də bu cür analoji tədbirə ev sahibliyi etmişdi. Zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət başçıları, həmçinin müşahidəçi statusunda olan ölkələrin liderləri iştirak etdilər”. 



Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, 6-7 oktyabr tarixlərində Türkdilli Dövlətlər Təşkilatının 12-ci Zirvə Görüşü Qəbələ şəhərində keçirildi:


“Bütün nümayəndə heyətləri Qəbələdə toplandı və bu, şəhərin Türk dünyasında artan əhəmiyyətini bir daha göstərdi. Qəbələ bundan əvvəl, 2013-ci ildə də bu cür analoji tədbirə ev sahibliyi etmişdi. Zirvə görüşündə təşkilata üzv ölkələrin dövlət başçıları, həmçinin müşahidəçi statusunda olan ölkələrin liderləri iştirak etdilər.  Zirvənin diqqətçəkən iştirakçılarından biri Macarıstanın Baş naziri Viktor Orban idi. O, Azərbaycanın həm dostu, həm də strateji tərəfdaşı olduqlarını vurğuladı. Orban bildirdi ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq elə səviyyədədir ki, əsas məsələlər üzrə mövqelərimiz üst-üstə düşür. Bu isə o deməkdir ki, həm NATO üzvü, həm də Avropa İttifaqının üzvü olan Macarıstanla belə bir münasibətin qurulması Azərbaycana Avropa ilə siyasətində ciddi dəstək imkanı yaradır.  Azərbaycan Avropa üçün xüsusilə enerji sahəsində unikal ölkədir. Bərpa olunan enerji sahəsində imkanlarımız da sürətlə artır. Bu baxımdan, Avropa bazarı bizim üçün önəmlidir. Lakin Avropada, xüsusilə də Avropa Parlamentində Azərbaycana qarşı çıxış edən, əsassız ittihamlar irəli sürən və sanksiyalar təklif edən qüvvələr var. Bu, ikili standartlar və selektiv ədalət prinsipidir və biz buna qarşıyıq”.

 Millət vəkili deyib ki, Prezident İlham Əliyev bu məsələləri BMT-nin 80-ci sessiyasında da qaldırdı və beynəlxalq auditoriyanın diqqətinə çatdırdı:

“Bu kontekstdə Macarıstan daim Azərbaycanın yanında olub, həm Avropa İttifaqı ilə münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində bizə dəstək verir. Macarıstanın bu istiqamətdə dəstəyi, xüsusilə də Türk dövlətləri ilə əməkdaşlıqda özünü göstərir. Ötən ilin iyul ayında Macarıstan Parlamentində TDT-nin qeyri-rəsmi zirvə görüşü keçirildi bu, artıq ikinci belə görüş idi. Bu da Macarıstanın Türk dövlətləri ilə əlaqələrinin dərinləşməsinin göstəricisidir. Prezident İlham Əliyev hələ 2024-cü ildə Milli Məclisdə çıxışı zamanı demişdi: “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır. Başqa ailəmiz yoxdur”. Bu gün bu baxış artıq reallığa çevrilməkdədir. NATO və Avropa İttifaqı kimi qurumlar çərçivəsində də Türk dövlətlərinin vahid mövqeyi formalaşmaqdadır və bu prosesin tam mənada gerçəkləşməsi an məsələsidir”.

Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü regional əməkdaşlıq baxımından mühüm siyasi hadisə kimi yadda qaldı:



“Bu zirvə, türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin dərinləşməsini nümayiş etdirməklə yanaşı, təşkilatın beynəlxalq nüfuzunun artdığını da göstərdi. Toplantı zamanı iştirakçı ölkələr bir daha sübut etdilər ki, TDT artıq sadəcə mədəni bir birlik deyil, regional və qlobal proseslərdə təsir gücünə malik siyasi və iqtisadi platformadır. Macarıstanın Baş naziri Viktor Orbanın “Azərbaycanla təkcə dost yox, strateji tərəfdaşıq” bəyanatı da bu kontekstdə xüsusi önəm daşıyır. Orbanın bu fikri, Avropa İttifaqının üzvü olan Macarıstanın Türk dünyasına yönəlmiş çoxvektorlu siyasətinin tərkib hissəsidir. Macarıstan TDT-də müşahidəçi dövlət olsa da, təşkilatla əlaqələrini dərinləşdirməklə həm enerji təhlükəsizliyini təmin etməyə, həm də Avropa ilə Türk dünyası arasında körpü rolunu gücləndirməyə çalışır. Bu, həm də Azərbaycanın Avropa enerji bazarında strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın zəngin enerji ehtiyatları və tranzit imkanları Macarıstan üçün etibarlı enerji mənbəyinə çevrilib. Orbanın vurğuladığı “strateji tərəfdaşlıq” ifadəsi məhz bu qarşılıqlı maraqlara əsaslanır”. 

Siyasi şərhçinin sözlərinə görə, strateji tərəfdaşlıq Azərbaycan üçün Avropa istiqamətində siyasi və iqtisadi təsir dairəsinin genişlənməsi, Macarıstan üçün isə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi anlamına gəlir:

“Bu münasibətlər həm də Avropa İttifaqı daxilində Türk dünyasına baxışın dəyişməsinə səbəb olur. Macarıstanın TDT Zirvəsində aktiv iştirakı göstərir ki, türk dövlətləri artıq Avropa siyasətində də nəzərə alınan geosiyasi güc mərkəzinə çevrilməkdədir. 12-ci Zirvə görüşündə enerji, nəqliyyat, ticarət və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edildi. Prezident İlham Əliyev çıxışında Türk dünyasının birliyinin yalnız tarixi və mədəni dəyərlərə deyil, ortaq iqtisadi maraqlara və təhlükəsizlik hədəflərinə əsaslanmalı olduğunu vurğuladı. Bu yanaşma TDT-nin gələcək inkişaf xəttini müəyyənləşdirir. Zirvədə qəbul edilən qərarlar, Türk dövlətləri arasında vahid iqtisadi məkanın formalaşması, nəqliyyat dəhlizlərinin inteqrasiyası və enerji resurslarının birgə idarə olunması kimi istiqamətləri əhatə edir. Bu baxımdan Azərbaycan, xüsusilə Zəngəzur dəhlizi və Cənub Qaz Dəhlizi kimi layihələrlə təşkilatın enerji və logistik strategiyasının mərkəzində dayanır. Macarıstanın strateji tərəfdaş kimi çıxış etməsi Azərbaycanın diplomatik manevr imkanlarını genişləndirir və Qərblə Türk dünyası arasında əlaqələri gücləndirir. Bu əməkdaşlıq həm də Qafqaz–Avropa xəttində sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Orbanın bəyanatı, əslində, Avropa İttifaqı daxilində Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə dolayısı ilə siyasi mesaj kimi də dəyərləndirilə bilər”.

Leyla Turan
Demokrat.az

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqamətində hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 oktyabr 2025, 00:07
11 oktyabr 2025, 22:58
Top