Bakıda dostların narkotik mübahisəsi qanlı dava ilə bitdi —TƏFƏRRÜAT

KRİMİNAL 10 oktyabr 2025, 18:06
Bakıda 1990-cı il təvəllüdlü Ağdam rayon sakini Vüqar Qələndərov tanışı Nicat adlı şəxsə bıçaqla xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin dekabrın 2-də 2 saylı Peşə Liseyinin yataqxanasının həyətində baş verib. 

Vüqar həmin gün saat 23:00-da liseyinin yataqxanasının həyətində dostu Mübarizin ona narkotik vasitə heroin  verməkdən imtina etməsinə görə aralarında yaranmış mübahisəyə zərərçəkmiş Nicat mübahisəyə müdaxilə edib, onları ayırmağa çalışıb. 

Bu zaman Vüqar özü ilə hadisə yerinə gətirdiyi bıçaqla Nicatın kürək və qarın nahiyələrindən iki dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 126.2.2 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib. 

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, dekabrın 2-də, təxminən saat 22 radələrində yaşadığı ünvanda yerləşən yataqxanadakı evdən həyətə çıxıb: “Həmin vaxt Mübarizin yaşadığı ev  istiqamətdə getdim. Küçədən onun həyətinə baxdıqda, Mübarizin ortaq tanışlarımız olan Nicatla birlikdə narkotik vasitə heroin çəkdiklərini gördüm. Bundan sonra Mübariz ilə mobil telefon vasitəsi ilə əlaqə saxladım. Onda narkotik vasitə olub-olmadığını soruşdum. Mübariz onda sadəcə 1 bükümdə narkotik vasitə olduğunu, həmin heroini də hazırda Nicatla birlikdə istifadə etdiyini dedi. Bu zaman Mübarizə mənə narkotik vasitə saxlaması ilə bağlı xahiş etdiyimi dedim. Mübariz onda olan  narkotik vasitəni artıq istifadə etdiklərini dedi. Mən isə sonra ona hər hansı bir söz demədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 15 dəqiqədən sonra yenidən Mübariz ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayıb və telefon danışığı zamanı onun tək küçəyə çıxmasını xahiş edib: “Lakin, Mübariz Nicat ilə birlikdə küçəyə çıxdı. Mübariz ilə söhbət zamanı Nicatın  yanında ondan narkotik vasitə istəməmək üçün ona kənar bir yerə gedərək söhbət etməyimizi itədim. Həmin vaxt Nicat Mübarizin onunla tək halda söhbət etməyəcəyini, söhbət zamanı onunda iştirak edəcəyini dedi. Mübariz və Nicatın mənimlə mübahisə etmək istədiklərini gördüm. Onlara ayağımda tərlik olduğunu, evə gedərək ayaqqabı geyinərək geri qayıdacağımı dedim. Bundan sonra yaşadığım evə getdim. Evdə mətbəxdə olan  bıçağı götürdüm, ayağımdakı tərliyi çıxararaq ayaqqabı geyindim. sonra Mübarizgilin yanına qayıtdım. Mübarizgilə yaxınlaşarkən Nicatın əlində armatur kimi tanınan dəmir parçasının olduğunu gördüm”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Mübarizə kənarda söhbət etməyi deyib: “Mübarizdə mənimlə razılaşdı və ikilikdə yaxınlıqda olan 2saylı Peşə  Liseyi istiqamətdə təxminən 20-30 metr piyada hərəkət etdik. Dayandıqdan sonra Mübarizə məni niyə aldatdığını, səhər saatlarından xahiş etməyimə baxmayaraq hansı səbəbdən mənə narkotik vasitə saxlamamasının səbəbini soruşdum. Mübariz isə artıq onda olan narkotik vasitəni Nicatla birlikdə istifadə etdiklərini dedi. Mübarizin cavabı mənim xoşuma gəlmədiyinə görə əsəbləşdim və Mübarizin sinəsindən itələdim. Mübariz də qarşılıq verərək mənimlə tutaşmağa başladı. Mübarizlə qarşılıqlı tutaşarkən yerə  yıxıldıq. Bu zaman Nicat yanımıza gəldi və bizi ayırdı. Ayağa qalxdıqdan sonra anidən Mübariz və Nicat ikilikdə mənimlə sözlü mübahisə etməyə başladılar. Həmin vaxt Mübariz və Nicat birlikdə üzərimə gəldilər. Həmin an Nicat əlindəki dəmir parçası ilə başımın sol tərəfindən zərbə ilə vurdu. Bundan sonra özüm ilə yaşadığım evdən  götürdüyüm və sağ əlimdə saxladığım mətbəx bıçağı ilə Mübarizi vurmaq istədim. Mübariz mənə müqavimət göstərdiyinə görə zərbələr ona dəymədi. Bundan sonra Nicat əlindəki dəmir parçası ilə üzərimə gəldi, kürəyimdən ardıcıl zərbələr vurdu. Bu zaman əlimdəki bıçaqla əvvəlcə Nicatın qarın, daha sonra isə kürək nahiyələrindən ardıcıl zərbələr vurdum. Sonradan Nicatın dəmir parçası ilə baş və kürək nahiyələrimdən vurduğu zərbələrin təsirindən huşumu itirərək yerə çökdüm. Bir neçə dəqiqə sonra qonşuluqda yaşayan şəxslər səs-küyə həmin yerə gəldilər. Həmin şəxslər məni oradan yaşadığım evə gətirdilər. Özümə gəldikdə artıq evdə olduğumu gördüm”.

Zərərçəkmiş Nicat ifadəsində göstərib ki, Vüqarla uzun illər dostluq ediblər: “2023-cü ilin dekabr ayında bıçaqlandığım zaman mən Vüqarın işində zərərçəkmiş şəxs kimi qeyd edilmişəm. Lakin ibtidai istintaq zamanı da məni vuran adamı görmədiyimi bildirmişəm. Vüqara 500 manat borcum olmasına baxmayaraq aramızda pula görə dava düşməyib. Sadəcə inciklik olub. Vüqarı qulağından kimin vurduğunu bilməmişəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top