Həkim: Trenajor zalları ürəyin qənimi deyil, əksinə...

GÜNDƏM 03 oktyabr 2025, 16:53
“İdman sağlam həyat tərzinin əsas sütunlarından biridir, lakin hər bir fəaliyyət kimi onun da düzgün icrası vacibdir. Təəssüf ki, Əməkdar artist Cabir İmanovun trenajor zalında qəfil ürəktutmasından vəfatı bu mövzunu aktuallaşdırdı”. 

Bunu kardioloq Rauf Əliyev Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, əslində trenajor zalları ürəyin qənimi deyil, əksinə, düzgün yanaşıldıqda ürək-damar sağlamlığını gücləndirən məkandır:

“Problem daha çox hazırlıqsız və nəzarətsiz idman fəaliyyətində ortaya çıxır. Əgər şəxsdə gizli ürək-damar xəstəliyi, yüksək təzyiq, ritm pozğunluğu və ya damar tıxanması varsa, ağır fiziki yüklənmə qəfil ürək tutmasına səbəb ola bilər. Ona görə də 35 yaşdan yuxarı hər kəsin müntəzəm idmana başlamazdan öncə kardioloji müayinədən keçməsi vacibdir. Həmçinin məşq zamanı birdən-birə ağır çəkilərlə işləmək və ya sürətli tempdə yüklənmək ciddi risk yaradır. İdman proqramı fərdi yanaşma ilə, mərhələli şəkildə qurulmalıdır. İstirahət, su qəbulu və düzgün nəfəsalma qaydaları da çox önəmlidir. Təəssüf ki, bəzi insanlar “çox idman – çox sağlamlıq” yanaşması ilə özlərini təhlükəyə atırlar. Halbuki balanslı və nəzarətli idman ürək üçün qoruyucu təsir göstərir. Qəfil ölüm hallarının qarşısı yalnız profilaktik müayinələr və sağlam həyat tərzi ilə alına bilər. İdman zalına getmək ürək xəstəliyinə səbəb olmur, əksinə, gizli xəstəliyi üzə çıxara bilir”. 

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 16:26
03 oktyabr 2025, 16:15
Top