“İşğaldan azad edilmiş torpaqlarda modern infrastruktur qurulur” — Politoloqdan AÇIQLAMA

GÜNDƏM 03 oktyabr 2025, 17:02
"Azərbaycanın işğaldan azad edilmiş hər bölgəsi, hər qarış torpağı strateji, tarixi və cari əhəmiyyətə malikdir. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək üçün hər bir qarış torpaq azad olunmalıdır. Hər hansı bir rayonu kənara qoymaq, hətta bir qarış torpağın belə düşmən işğalı altında qalması Azərbaycanın tam suverenliyindən və ərazi bütövlüyündən danışmağa imkan verməz".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O, bildirib ki, bu mənada, Suqovuşanın azad olunması çox böyük strateji, tarixi və cari əhəmiyyət daşıyır:

"Azərbaycanın bütün bölgələri həm ölkəmiz, həm də erməni işğalçıları üçün strateji əhəmiyyətli olub. Buna görə də işğalçılar Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını təmin etdikdən sonra Kəlbəcərdən başlayaraq Füzuliyə qədər olan ərazilərimizi ayıran bir xətt boyunca işğal etdilər. Bu xətt 30 ildən artıq işğal dövründə bütün vasitələrlə möhkəmləndirildi. İşğaldan azad olunandan sonra aparılan araşdırmalar göstərdi ki, Ermənistan bu ərazilərdə uzunmüddətli möhkəmlənmə niyyətində idi və onları qısa müddətdə tərk etmək fikrində deyildi. Lakin Azərbaycanın həyata keçirdiyi zərbələr o qədər təsirli oldu ki, işğalçı dövlət müqavimət göstərə bilmədi".

Onun sözlərinə görə, Suqovuşan Kəlbəcərdən Füzuliyə qədərki işğal xətti boyunca strateji əhəmiyyətə malik idi:

"Onun həm iqtisadi, həm hərbi, həm də strateji əhəmiyyəti mübahisəsizdir. Bu baxımdan 5 il əvvəl ordumuzun burada qazandığı zəfər böyük strateji əhəmiyyət kəsb edir və Suqovuşanın Azərbaycanın digər əraziləri kimi nə qədər önəmli olduğunu bir daha təsdiqləyir".

Ekspertin sözlərinə görə, azadlıqdan sonra indiyə qədər bu ərazilərdə geniş infrastruktur layihələri uğurla həyata keçirilib, qəsəbələrə insanların köçürülməsi sürətlə davam etdirilib:

"Yeni sakinlər üçün bu torpaqlar doğma olsa da, 30 il boyunca işğalçının ayaq basdığı ərazilər idi. Azərbaycanın səyləri nəticəsində bu ərazilər tamamilə yeni bir görkəmə gətirilib. Ərazilərə qayıdan sakinlər modern infrastruktur və abadlaşdırılmış məkanlarla qarşılaşıblar. Bu, Azərbaycanın qısa müddətdə yalnız bərpa deyil, həm də əvvəlkindən daha da gözəl şərait yaratmaq gücündə olduğunu göstərir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 oktyabr 2025, 16:26
Top