"Azərbaycanın turizm bazarında reklam kampaniyalarının yetərincə çox olmaması..." — AÇIQLAMA

GÜNDƏM 02 oktyabr 2025, 17:50
“2025-ci ilin ilk 8 ayında turistlərin sayında 1,6%-lik azalma bir neçə daxili və xarici amillərlə bağlıdır”. 

Bunu turizm eksperti Rauf Məmmədli Demokrat.az-a açıqlamasında bildirib.

Ekspert əlavə edib ki, qlobal iqtisadi qeyri-sabitlik və bəzi ölkələrdə valyuta məzənnələrinin dəyişməsi insanların səyahət xərclərini azaltmasına səbəb olub: 

“Bölgədəki geosiyasi gərginliklər, o cümlədən qonşu ölkələrdə baş verən siyasi proseslər turistlərin səyahət qərarlarına təsir göstərib. Bəzi ölkələrdən Azərbaycana uçuşların məhdudlaşdırılması və ya aviabiletlərin bahalaşması da turist axınını azaldan əsas faktorlardandır. Pandemiyadan sonrakı dövrdə turizm bərpa olunmağa başlasa da, bəzi bazarlarda hələ də tam bərpa müşahidə edilmir. Bundan başqa, rəqabətli ölkələr xüsusilə Türkiyə, Gürcüstan və BƏƏ daha sərfəli paketlər təklif etməklə turisti cəlb edə biliblər”. 

O əlavə edib ki, Azərbaycanın turizm bazarında reklam kampaniyalarının yetərincə çox olmaması da azalmaya təsir edib:

“Daxili turizmə marağın artması nəticəsində bəzi vətəndaşlar xaricə çıxmaq əvəzinə ölkə daxilində istirahət etməyi üstün tutublar. Viza prosedurlarının müəyyən ölkələr üçün hələ də sadələşdirilməməsi potensial turistlər üçün maneə yaradır. Qidmət sahəsində qiymətlərin artması bəzi turistlərdə “bahalı ölkə” təəssüratı yaradıb. Lakin bütün bu azalmaya baxmayaraq, Azərbaycanın turizm potensialı yüksək olaraq qalır. Müvafiq islahatlar və daha çevik marketinq siyasəti ilə gələn illərdə artım tempinə qayıtmaq mümkündür. Turizm sektoru üçün əsas məsələ rəqabət qabiliyyətini gücləndirmək və müasir trendlərə uyğunlaşmaqdır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 19:06
Top