Səbaildə qanunsuz tikinti…— İcra “təcili tik” əmri verdi (FOTOLAR)

GÜNDƏM 02 oktyabr 2025, 12:32

Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Yaşar Bədəlov küçəsi 90 ünvanında qanunsuz tikinti işləri aparılır.

Tribunainfo.az-a məlumat verən sakinlər bildirib ki, qanunsuz və tikinti normalarına zidd aparılan işlər sürətlə davam etdirilir.

Ətrafda yaşayan sakinlərin sözlərinə görə, tikinti icra hakimiyyəti ilə razılaşdırılıb və “icradan təcili tikin” tapşırığı verilib.

Lakin sakinlər bildiriblər ki, aparılan işlər qanunsuz tikinti xarakteri daşıyır. Yeni tikili mövcud yaşayış evlərinə çox yaxın məsafədə inşa edilir ki, bu da tikinti normalarının və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması deməkdir.

Hadisə yerindən çəkilən fotolarda da görünür ki, həyət evlərinin arasında yeni tikinti üçün qazıntı işləri aparılır, hörgü materialları və sement çuvalları əraziyə yığılır.

Tikinti işlərinin kimə məxsus olduğu, müvafiq icazələrin olub-olmaması hələlik məlum deyil.

Tikintinin aparıldığı əraziyə yaxın yerdə yaşayan sakinlərin sözlərinə görə, bu gün əraziyə Səbail rayon təsərrüfatı şöbəsinin müdiri Rəhmani Fəraməz və rayon icra hakimiyyəti başçısının 2 №-li Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Güləhmədov da gəlib. Onların gəlişindən sonra aparılan işlər daha da sürətlənib və hasar yarıya qədər tikilib. Sakinlər də belə hesab edir ki, bu qədər irəliləmiş tikilinin qarşısı hələ də alınmayıbsa, bundan sonra ümumiyyətlə tədbir görülməz.

Məsələ ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsindən Tribunainfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tikinti tam qanunsuzdur.

Komitə rəsmisi əlavə edib ki, qanunsuz aparılan tikinti ilə bağlı komitə tərəfindən lazımi addım atılacaq.

Səbail rayon İcra Hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırıq.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 13:30
Top