Azərbaycan regionda lider ölkədir — Professor

GÜNDƏM 02 oktyabr 2025, 12:26
“10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşma öz qüvvəsini itirmiş sayılır. Orada əks olunan bir çox məsələlər həll olunubdur. Qalan məsələlər də həll olunmalıdır. Ermənistan onu boynuna götürüb”.  

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib. 

O qeyd edib ki, orada Rusiyanın sərhəd qoşunlarının durması və Rusiyanın müəyyən təsiri de-fakto tamamilə itib:

“De-yure də artıq Vaşinqtonda imzalanan sazişdən sonra yeni qaydalar formalaşıb.  Yeni qaydalara görə,  Zəngəzur dəhlizinin açılmasında Amerikanın böyük şirkətlərinin iştirakı nəzərdə tutulur. Bu isə 10 noyabr üçtərəfli bəyanata ziddir. Artıq keçmiş, yəni 10 noyabr bəyanatı öz aktuallığını itirmiş kimi qəbul olunur. Ermənistan yeni sazişi qəbul etməklə, faktiki olaraq köhnə razılaşmalardan uzaqlaşmış oldu. Yeni beynəlxalq hüquqi formatda danışıqlar gedir. Kremlin reaksiyası isə, təbii ki, mənfi olacaq. Çünki Cənubi Qafqazda Rusiyanın təsir gücü azalır. İqtisadi baxımdan Ermənistan Rusiyadan asılı vəziyyətdədir. Ermənistanın iqtisadiyyatının təxminən 40 %-dən çoxu Rusiya şirkətlərinə məxsusdur. Lakin artıq bir çox sahələrdə enerji, dəmiryolu, poçt və s. Rusiyanın təsiri azaldılır. Ermənistanın beynəlxalq iqtisadi çıxışı yalnız Gürcüstan və Rusiya üzərindədir. İxrac-idxal da əsasən Rusiyadan asılıdır. Ermənistan anlayır ki, strateji məsələlərdə qərb dəstəyinə daha çox ehtiyac duyacaq. Ermənistan çalışır ki, Rusiya ilə münasibətləri tam pozmasın. Bunun səbəblərindən biri də Gümrüdə yerləşən Rusiya hərbi bazasıdır”. 

Son zamanlar Rusiya oradakı hərbi kontingenti və silahlanmanı artırıb. Hərçənd ki, bəzi hərbçilər etnik ermənilər olsa da, onlar Rusiya Silahlı Qüvvələrinin tərkib hissəsidir.  Cənubi Qafqazda yeni tendensiya ondan ibarətdir ki, bütün ölkələr – Azərbaycan, Ermənistan, Gürcüstan – öz beynəlxalq inkişaf yollarını daha çox müstəqil şəkildə qurmağa çalışırlar. İqtisadi gücünə və beynəlxalq mövqeyinə görə Azərbaycan bu regionda lider ölkədir.  Ermənistanın əsas problemlərindən biri odur ki, onun çox böyük, lakin təsirli xüsusilə Avropa və Amerikada diasporası var. Hər nə qədər onlar maliyyə baxımından dəstək göstərsələr də, bu dəstək artıq əvvəlki illərdəki qədər güclü deyil. Gürcüstanın vəziyyəti bir qədər fərqlidir. Onların Rusiyada böyük diasporası mövcuddur və bu, Gürcüstanın daxili siyasətinə ciddi təsir göstərir. Elə İvanişvilinin özü də Rusiyada formalaşmış bir fiqur kimi Gürcüstanda mühüm rol oynayır. Bu baxımdan, həm Ermənistan, həm də Gürcüstan müəyyən mənada xarici təsirlər altındadır.  Azərbaycan isə son 10 ildə apardığı qlobal siyasətin nəticəsində daha müstəqil yol tutur. Prezidentin rəhbərliyi ilə yürüdülən siyasətin əsas fəlsəfəsi milli maraqların qorunmasıdır. Azərbaycan bütün ölkələrlə, o cümlədən Rusiya ilə normal, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışır. Bu, təkcə bizə yox, digər ölkələrə də sərf edir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 oktyabr 2025, 13:30
Top