“Bu səfər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində körpü rolunu gücləndirir”

SİYASƏT 01 oktyabr 2025, 14:44
“Sentyabrın 30-da baş tutan Prezident İlham Əliyev və Sercio Mattarellanın görüşü həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. İtaliya Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biridir”

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

O qeyd edib ki, İtaliya ölkəmizin enerji siyasətində xüsusi rol oynayır:

“TAP layihəsi sayəsində Azərbaycan qazı İtaliyaya və oradan Avropaya çatdırılır ki, bu da Avropanın enerji təhlükəsizliyində Bakının strateji mövqeyini daha da gücləndirir. Bu səfər iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələyə keçəcəyini göstərir.  

Təkcə enerji deyil, qeyri-neft sektoru üzrə də münasibətlərin genişlənməsi gündəmdədir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və qarşılıqlı investisiyaların artırılması hər iki ölkə üçün faydalı olacaq. Bu, Azərbaycan üçün qeyri-neft ixracının artımı, İtaliya üçün isə yeni bazarlara çıxış deməkdir. Bu səfər Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində körpü rolunu gücləndirir”. 

Siyasi şərhçi bildirib ki, İtaliya Avropada söz sahibi olan ölkələrdəndir:

“Onun dəstəyi Azərbaycanın həm enerji layihələrində, həm də regionda sabitlik təşəbbüslərində mövqelərini gücləndirir. Bundan əlavə, mədəniyyət, təhsil və texnologiya sahəsində əməkdaşlıq imkanları da müzakirə olundu ki, bu da iki xalq arasında əlaqələri daha da yaxınlaşdıracaq. Bu səfər Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımdan mövqeyini möhkəmləndirir, Avropada etibarlı tərəfdaş imicini daha da gücləndirir. Yəni, qısaca desək, bu görüş ölkəmizə həm investisiya, həm diplomatik dəstək, həm də strateji üstünlüklər vəd edir”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top