"Pandemiya dövründən sonra..." — AÇIQLAMA

GÜNDƏM 30 sentyabr 2025, 19:24
“Son illərdə dərman və tibbi ləvazimatlara tələbin kəskin artması bir neçə amillə bağlıdır. Əhalinin sağlamlıq xidmətlərinə daha çox müraciət etməsi və xroniki xəstəliklərin artması bazarda dərman istehlakını yüksəldib”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında əczaçı Fidan Kərimova bildirib.

O deyib ki, pandemiya dövründən sonra immunitet gücləndirici preparatlara və vitaminlərə maraq da yüksək olaraq qalır:

“Qiymət artımının əsas səbəblərindən biri isə idxaldan asılılıqdır. Ölkəmizdə dərman istehsalı kifayət qədər geniş deyil. Valyuta məzənnəsindəki dəyişikliklər idxal olunan preparatların maya dəyərinə təsir edir. Həmçinin beynəlxalq bazarda dərman xammalı və istehsal xərclərinin bahalaşması da təsir göstərir. Bəzi hallarda süni qiymət artımı və apteklərdə vasitəçi faktorları da mövcuddur. Bu vəziyyət sadəcə iqtisadi yox, həm də sosial risklər yaradır. Çünki qiymətlərin bahalaşması aztəminatlı vətəndaşların lazımi dərmanlara çıxışını məhdudlaşdırır”. 

O bildirib ki, bu da müalicənin yarımçıq qalmasına və xəstəliklərin ağırlaşmasına səbəb ola bilər:

“İnsanlar ucuz alternativlər axtararaq keyfiyyətsiz və saxta preparatlara yönələ bilərlər. Bu isə səhiyyə sistemində əlavə problemlər yaradır. Dövlətin dərman bazarına nəzarətini gücləndirməsi vacibdir. Yerli istehsalın stimullaşdırılması və idxaldan asılılığın azalması
uzunmüddətli həll yolu ola bilər. Əks halda dərman sektorunda qiymət dalğalanmaları davam edəcək və əhali üçün ciddi çətinliklər yaradacaq. Vətəndaşlarımız dərmanlara 210 milyon manat pul xərcləyib”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top