“Zəngəzur dəhlizi Türk dünyasının strateji körpüsünə çevrilir”

SİYASƏT 30 sentyabr 2025, 18:05
“Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizi ilə bağlı fikirləri bölgədə yeni geosiyasi və iqtisadi reallıqların göstəricisidir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib.

O əlavə edib ki, Zəngəzur dəhlizi həm Türkiyə, həm Azərbaycan, həm də Orta Asiya ölkələrinin quru yol əlaqələrini gücləndirəcək:

“Bu, Türk Dövlətləri Təşkilatının strateji inteqrasiyasını daha da dərinləşdirəcək bir layihədir. Əslində dəhliz yalnız nəqliyyat xətti deyil, həm də siyasi əməkdaşlıq simvoludur. Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn bu yol həm enerji, həm də ticarət marşrutlarını qısaldacaq. Bununla da bölgədə logistik üstünlük qazanmaq mümkün olacaq. Ermənistan üçün dəhlizdən faydalanmaq bir şansdır, amma bu, onun siyasi mövqeyindən asılıdır. Əgər İrəvan konstruktiv mövqe tutarsa, iqtisadi mənfəət əldə edəcək. Ermənistan regional layihələrdən kənarda qala bilər. Zəngəzur dəhlizi həm də Çindən Avropaya uzanan Orta Dəhlizin bir parçası kimi strateji əhəmiyyət daşıyır. Bu isə Avropa İttifaqı və digər beynəlxalq oyunçular üçün də maraqlıdır. Layihə reallaşdıqca regionda Türkiyənin təsir imkanları artacaq. Eyni zamanda Azərbaycan da əsas tranzit ölkə kimi rolunu möhkəmləndirəcək. Türk dünyasının vahid iqtisadi məkan quruculuğu baxımından dəhliz tarixi addım olacaq. Bu səbəbdən Uraloğlunun açıqlaması sadəcə texniki deyil, siyasi mesaj xarakteri daşıyır”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top