"Turistlərə şəhidlərlə bağlı mesajlar göndərilməlidir" — Deputatdan TƏKLİF

SOSİAL 10 sentyabr 2025, 18:53
"Bəzi hallarda insanlarımız bu məsələni bir qədər dramatikləşdirir, hətta faciələşdirirlər. Əlbəttə, şəhidlər bizim üçün ən həssas mövzudur. Onlara hörmət və ehtiram göstərmək bizim borcumuzdur. Eyni zamanda ölkəmizə gələn insanlar da bunu nəzərə almalıdırlar".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. 

O bildirib ki, bu məqsədlə Şəhidlər Xiyabanının qarşısında müxtəlif dillərdə geniş məlumatların təqdim olunmasına ehtiyac var:

"Xarici qonaqlara izah edilməlidir ki, bu məkan bizim üçün müqəddəsdir. Çünki şəhidlər bizim şəhidlərimizdir və başqaları üçün eyni emosional dəyəri daşımaya bilər. Ona görə də burada baş verən hadisələri həddindən artıq dramatikləşdirmək düzgün deyil. Sadəcə maarifləndirmə, təbliğat və məlumatlandırma aparılmalıdır".

Deputat deyib ki, turizm bizim üçün çox önəmlidir və ölkədə bu sahənin inkişafı üçün hər birimiz çalışmalıyıq:

"Turistlərlə birlikdə onları müşayiət edən bələdçilər olur. Məncə, elə bir mexanizm yaratmaq olar ki, ölkəmizə daxil olan turistlərə müəyyən mesajlar və məlumatlar təqdim edilsin. Məsələn, bu gün QR kodlar vasitəsilə bu informasiya rahatlıqla ötürülə bilər.

Deməli, bizim də üzərimizə məsuliyyət düşür: girişdə monitorda, lövhə şəklində və ya QR kodla məlumat verməliyik ki, hər kəs bu məkanın müqəddəsliyini anlayaraq burada olan insanlara hörmət və ehtiram göstərsin".

Qeyd edək ki, iranlı bir turist Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edərək video çəkib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2025, 20:27
10 sentyabr 2025, 19:57
Top