Zəngəzur dəhlizinə kim nəzarət edəcək? — AÇIQLAMA

GÜNDƏM 10 sentyabr 2025, 19:20
"Dəhlizin Ermənistandan keçən hissəsinin açılması məsələsi hazırda çox mürəkkəbdir. Çünki Rusiya, İran, ABŞ, Qərb, Çin və digər güc mərkəzlərinin hər birinin öz maraqları mövcuddur. Ən əsası isə Azərbaycan və onun müttəfiqi Türkiyə üçün bu dəhliz milli maraqlar baxımından böyük əhəmiyyət daşıyır. Maraqların toqquşması müxtəlif risklər yaradır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib. 

O bildirib ki, Rusiya Qərbin nəzarətinə imkan vermək istəmir:

"İran sərhədinin yaxınlığında belə bir yolun açılmasını təhlükə sayır, Çin öz rəqibi ABŞ-ın təsirini qəbul etmir, Qərb isə əksinə Çin və Rusiyanın təsirini məhdudlaşdırmağa çalışır və buna görə də ortaq məxrəc tapmaq çətinləşir. İki əsas variant önə çıxır. Birincisi Ermənistan hakimiyyəti hansı gücü daha üstün görsə, onunla razılaşaraq dəhlizi həmin tərəfin dəstəyi ilə işlədəcək, lakin bu halda yolun davamlı işləkliyi daim sual altında olacaq. İkincisi isə çoxmillətli konsorsium yaradılaraq dəhlizin idarəsi beynəlxalq quruma həvalə olunacaq, burada bütün tərəflər təmsil olunsa da, gəlir bölgüsü ilə bağlı narazılıqlar yeni problemlər doğura bilər".

Politoloq deyib ki, bu koridor artıq qlobal siyasi böhran müstəvisinə keçib, hamı yolun açılmasında maraqlı olsa da, hər kəs istəyir ki, nəzarət öz əlində olsun:

"Azərbaycan üçün əsas məsələ Naxçıvana və digər istiqamətlərə gediş-gəlişdə heç bir maneənin yaranmamasıdır, çünki layihənin strateji mərkəzi Azərbaycandır və bu səbəbdən Azərbaycan diplomatik və siyasi təzyiqlərini artırmalı, lazım gəldikdə isə əlavə təsir vasitələrindən istifadə etməlidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2025, 20:27
10 sentyabr 2025, 19:57
Top