“Bölgələrdə fəaliyyət göstərən universitetlərin təhsil keyfiyyəti ilə bağlı narazılıqlar əslində təkcə yerli səviyyədə deyil, bütövlükdə ölkənin ali təhsil sistemində mövcud olan struktur problemlərin nəticəsidir. Təhlil göstərir ki, region universitetlərində təhsilin aşağı səviyyədə olması həm kadr potensialı, həm maddi-texniki baza, həm də təhsil proqramlarının keyfiyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının “Təhsil haqqında Qanunu”nun 13-cü maddəsində ali təhsilin əsas məqsədi kimi əmək bazarının tələblərinə cavab verən mütəxəssis hazırlığı göstərilsə də, bölgə universitetlərində bu tələbin tam şəkildə icra olunmadığı görünür”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, statistika göstərir ki, ölkədə tələbələrin 70 faizdən çoxu Bakıdakı universitetlərdə cəmlənib, region universitetlərində isə bu göstərici ümumi kontingentin təxminən 30 faizini təşkil edir:
“Bu, bir tərəfdən bölgələrdə ali təhsil almaq imkanlarının məhdud olduğunu, digər tərəfdən isə abituriyentlərin keyfiyyətli təhsil üçün paytaxt universitetlərini üstün tutduğunu göstərir. Nəticədə region universitetlərini bitirənlərin iş tapmaq göstəricisi də aşağı olur. Dövlət Məşğulluq Agentliyinin hesabatlarına görə, region universitetlərinin məzunlarının işlə təminat faizi orta hesabla 45-50 faiz arasında dəyişir ki, bu da paytaxt universitetlərinin məzunlarının göstəricisindən əhəmiyyətli dərəcədə aşağıdır.
Əsas səbəblərdən biri kadr potensialının zəifliyidir. Region universitetlərində professor-müəllim heyətinin əhəmiyyətli hissəsi ixtisasartırma və beynəlxalq elmi fəaliyyət imkanlarından məhrumdur. Bu da müasir proqramların tədrisinə mane olur. Digər mühüm səbəb maddi-texniki bazanın zəifliyidir. Bir çox region universitetlərində müasir laboratoriyalar, innovasiya mərkəzləri və kitabxanalar yetərli deyil. Bu isə tələbələrin praktik biliklər qazanmasına imkan vermir. Təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğun olmaması da mühüm problemdir. Məsələn, İKT, süni intellekt, biotexnologiya kimi sahələrdə region universitetlərində ixtisaslar çox məhduddur”.
Ekspert bildirib ki, son illərdə Elm və Təhsil Nazirliyi region universitetlərinin inkişafı üçün addımlar atır:
“Dövlət proqramları çərçivəsində bəzi universitetlərdə yeni ixtisaslar açılıb, beynəlxalq tərəfdaşlarla müqavilələr imzalanıb. Məsələn, Gəncə Dövlət Universitetində kənd təsərrüfatı sahəsinə yönəlik ixtisasların genişləndirilməsi, Naxçıvan Dövlət Universitetində beynəlxalq mübadilə proqramlarının həyata keçirilməsi bu istiqamətdə mühüm addımlardır. Nazirliyin bu sahəyə diqqətini artırması müsbət qiymətləndirilməlidir, çünki məqsəd paytaxt və regionlar arasında təhsil fərqini azaltmaqdır.
Həll yolları kimi bir neçə istiqamət tövsiyə edərdim. Əvvəla, region universitetlərində professor-müəllim heyətinin ixtisasartırması üçün dövlət dəstəyinin gücləndirilməsi vacibdir. Hər bir universitetdə müasir laboratoriyalar və innovasiya mərkəzləri yaradılmalı, tələbələrin praktiki biliklər qazanması üçün müəssisələrlə əməkdaşlıq mexanizmi qurulmalıdır. Eyni zamanda, region universitetlərinin beynəlxalq şəbəkələrə qoşulması, tələbə və müəllim mübadilə proqramlarının genişləndirilməsi təhsilin keyfiyyətinə ciddi təsir göstərə bilər. Ən əsası isə təhsil proqramları əmək bazarının real tələblərinə uyğunlaşdırılmalı, yeni texnoloji ixtisaslar açılmalıdır”.
Cavidan Mirzəzadə
Demokrat.az