Deputat: “Orta Dəhliz çərçivəsində yaranan imkanlardan maksimum istifadə olunması diqqətdədir”

GÜNDƏM 10 sentyabr 2025, 17:08
“Azərbaycan Respublikasının xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələr prioritet istiqamətlərdən biridir. Bu region ölkələrinin hər biri ilə Azərbaycanın münasibətləri yüksək inkişaf tempi və dinamikası ilə seçilir. Xüsusilə də Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətləri sürətlə inkişaf edir və fundamental məsələlərdə rəsmi Bakı ilə rəsmi Astana eyni mövqeyə malikdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində iştirak edən ilk dövlətlərdən biri məhz Qazaxıstan olub:

“Füzuli şəhərində Qazaxıstanın sərmayəsi ilə inşa olunan məktəb binası bu münasibətlərin bariz nümunəsidir. Hazırda əlaqələrimiz nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat və digər sahələrdə də yüksək templə inkişaf edir. Prezident İlham Əliyevin Qazaxıstana və Prezident Kasım-Jomart Tokayevin Azərbaycana səfərləri bu dinamik münasibətlərin göstəricisidir. Qazaxıstan Prezidenti, Prezident İlham Əliyevin ölkəyə gözlənilən rəsmi səfərini dəstəklədiyini bəyan edib. Bu səfər siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı, xüsusilə də nəqliyyat və yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayacaq”. 

Deputat qeyd edib ki, Orta Dəhliz çərçivəsində yaranan imkanlardan maksimum istifadə olunması məsələsi də diqqət mərkəzində olacaq:

“Qazaxıstan dövləti Azərbaycanın 8 avqustda ABŞ-a planlaşdırılan səfəri və bu çərçivədə ABŞ-la strateji tərəfdaşlığın qurulması istiqamətində atılan addımları da dəstəkləyir. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan sənədlər də regiona uzunmüddətli və dayanıqlı sülh gətirəcək addımlar kimi qiymətləndirilir. 

Qazaxıstan da bu reallığı qəbul edir. Bütün bu amilləri nəzərə alaraq, Azərbaycan Prezidentinin Qazaxıstana planlaşdırılan səfəri, iki ölkə arasında ikitərəfli münasibətlərdə yeni imkanların açılmasına xidmət edəcəkdir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2025, 20:27
10 sentyabr 2025, 19:57
Top