Deputat: “Bu, düşmənçilik siyasətinin icraçısı Kreml və Putindir”

GÜNDƏM 05 sentyabr 2025, 17:28
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son açıqlaması heç bir məntiqi və diplomatik çərçivəyə sığmır. Çünki Azərbaycanla Rusiya arasında münasibətlərin bu qədər gərginləşməsinin səbəbkarı məhz Rusiya tərəfidir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. 

O bildirib ki, normallaşma istiqamətində ilk addımı atmalı bir tərəf varsa, o da Rusiya olmalıdır:

“Azərbaycan, 2022-ci il 22 fevral tarixində Moskva şəhərində Rusiya ilə strateji müttəfiqlik haqqında bəyannamə imzaladı. Bu sənəd, Rusiyanın Ukraynanın iki vilayətini müstəqil tanımasından bir neçə gün əvvəl imzalanmışdı. 

Azərbaycan öz milli maraqlarına uyğun olaraq bu addımı atdı və bu, uzaqgörən, praqmatik siyasət idi. Azərbaycan heç vaxt təkcə sözlə deyil, əməldə də Rusiya ilə normal, bərabərhüquqlu münasibətlərin tərəfdarı olub. Lakin Rusiya tərəfi bu münasibətləri pozan addımlar atmaqda davam edir. Xüsusilə, 2023-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin Rusiya hava məkanında vurulması böyük bir cinayət idi. Bu hadisədən sonra nə təyyarənin enişinə icazə verildi, nə də hadisəyə görə üzr istənildi. Əksinə, Rusiya bu cinayəti ört-basdır etməyə çalışdı, nə təzminat ödədilər, nə də günahkarları cəzalandırdılar. Bu, beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır. Daha sonra Rusiyada yaşayan azərbaycanlılara qarşı repressiyalar başladı”.

Deputat qeyd edib ki, bu, artıq sistemli bir antiAzərbaycan siyasətinin mövcud olduğunu göstərir:

“Bütün bu cinayət və haqsızlıqlara üzr istəməli və cavab verməli olan tərəf Rusiyadır. Zaxarovanın açıqlamaları isə bunun əvəzinə imperialist, kolonialist, xalqlara yuxarıdan aşağı baxan bir mövqeyin ifadəsidir. Bu yanaşma şiddətlə qınanmalıdır. 

Günlər öncə Rusiya Prezidenti münasibətlərin normallaşmasından danışdı. Amma bu normallaşma üçün ilk və real addımı atmalı olan şəxs elə Rusiya Prezidentidir. Çünki bu düşmən siyasətin ilhamvericisi və icraçısı məhz Kreml və şəxsən Vladimir Putindir. Rusiyada Prezidentin razılığı olmadan nə mətbuat, nə siyasətçilər, nə də dövlət orqanları belə bir kurs götürə bilməz. 

Əgər Rusiya münasibətlərin doğrudan da normallaşmasını istəyirsə, ilk növbədə bu düşmən siyasətə son qoymalıdır. Təyyarə insidenti və ardınca baş verən hadisələr üçün rəsmi şəkildə üzr istəməli, təzminat ödəməli və azərbaycanlılara qarşı repressiyalara son verməlidir. Əks halda, heç bir normallaşmadan danışmaq mümkün deyil”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top