Azərbaycandan xaricə qurbağa ayağı satır — SƏBƏB

SOSİAL 05 sentyabr 2025, 15:01
Cari ilin avqust ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulları baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixrac edilib.

Agentlikdən verilən məlumata görə, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd, Birləşmiş Ərəb Əmirliklərinə isə 1.158.460 ədəd ərzaqlıq yumurta ixrac olunub. Bundan əlavə, İtaliya və Fransaya 3,6 ton qurbağa ayağı, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu göndərilib.

Modern.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, qurbağa ayağı və digər qeyri-ənənəvi heyvan mənşəli məhsulların Azərbaycandan ixracı bir neçə əsas faktorla bağlıdır.

Onun sözlərinə görə, qurbağa ayağı Avropada (xüsusilə Fransa, Belçika, İtaliya) və Asiyada (Çin, Vyetnam, Tailand) yüksək tələbat olan delikates məhsuldur:

“Bu ölkələrdə qurbağa əti yüksək zülallı, az yağlı hesab olunur. Ona görə də ixrac Azərbaycanın daxili bazarına yox, xarici tələblərə yönəlib. Belə məhsullar "egzotik" qida kateqoriyasında xaricdə alıcı tapır”.

Ekspert həmçinin ixracın iqtisadi faydasına da toxunub:

“Yerli istehlakda qurbağa ayağı demək olar ki, istifadə olunmur. Lakin ixracı ölkəyə əlavə valyuta gətirir. Bu, kənd təsərrüfatı və baytarlıq məhsullarının şaxələndirilməsi siyasətinin bir hissəsi kimi də qiymətləndirilə bilər”.

F.Səfərov qeyd edib ki, qida məhsulları beynəlxalq baytarlıq və sanitariya normalarına uyğunlaşdırıldıqdan sonra ixrac olunur:

“Bu həm də Azərbaycanın qida təhlükəsizliyi sisteminin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir”,- o əlavə edib.

Mütəxəssis eyni zamanda dünyada qeyri-ənənəvi protein mənbələrinə marağın artdığını da vurğulayıb:

“Qurbağa əti, ilbiz, həşərat mənşəli proteinlər və s. Azərbaycan da bu bazara daxil olaraq rəqabət aparmağa çalışır.

Qurbağa ayağının Azərbaycandan ixracı isə ölkə daxilində tələbdən çox, xarici bazarın marağı və iqtisadi fayda ilə bağlıdır”,- deyə F.Səfərov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 15:50
Top