Qubada gecə növbəsində mübahisə dava ilə bitdi — TƏFƏRRÜAT

HADİSƏ 05 sentyabr 2025, 15:57
Quba rayonunda idman kompleksində mühafizəçilər arasında dava olub. 

Demokrat.az-
ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 28-də baş verib. 

Quba rayon sakini, 2001-ci il təvəllüdlü Səyyad həmin gün gecə saat 01:30-da idman kompleksində iş yerlərində mühafizə postunda gecə növbəsində olduqları zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı iş yoldaşı Mehdinin kəllə nahiyəsindən yumruqla vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. 

Hadisəni törədən Səyyadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, idman kompleksində növbə rəisi işləyir: 

“İşim həm ərazini gəzmək, həm də kompleksdə olan iki posta nəzarət etməkdən ibarətdir. Fevralın 28-də, təxminən saat 01:30-da zərərçəkmiş şəxsin mühafizə postunda növbədə olduğu zaman yatmasına görə irad bildirdim, izahat yazmasını tələb etdim. Mehdi əlini masaya vuraraq mənə  qarşı nalayiq ifadələr işlətdi. Daha sonra Mehdi şəxsi əşyalarını götürərək postu tərk etdi. Postun qarşısında bayırda aramızda yenə də sözlə mübahisə yarandı və Mehdi məni təhqir etdi. Mən də Mehdinin yaxasından tutaraq yerə yıxdım. Mübahisələrimiz təxminən 3-5 dəqiqə davam etdi. Bu vaxt ətrafda kənar şəxs olmayıb”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Səyyadın barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.

Təqsirləndirilən şəxsin cəza çəkdiyi müddətdə Quba rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. 

Bundan başqa, ona bu müddət ərzində axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 15:50
Top