Salyan gecəyarısı siqaret davası: 41 yaşlı kişi qonşusunu bıçaqladı — TƏFƏRRÜAT

HADİSƏ 05 sentyabr 2025, 14:32
Salyan rayonunda iki nəfər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, Salyan rayon sakini, 1974-cü il təvəllüdlü Samid ötən ilin avqustun 17-də, gecə saat 1 radələrində siqaret almaq üçün yaşadığı küçədə yerləşən marketə yollanıb. 

Yolda rastlaşdığı qonşusu Yusifdən siqaret istəyib. Lakin siqaretinin olmadığını bildirən zərərçəkmiş şəxs irad bildirməsi səbəbindən aralarında mübahisə yaranıb. 

Mübahisə zamanı qarşılıqlı dalaşma zamanı zərərçəkmiş şəxs üzərində gəzdirdiyi bıçaqla onu vurmaq istəyib. Bu zaman Samid zərərçəkmiş şəxsin sifət nahiyyəsinə yumruqla zərbə vurub, sonra isə onun əlindən bıçağın yerə düşdüyünü görüb. Samid həmin bıçağı yerdən götürüb və Yusifə zərbələr vurub. 

Hadisəni törədən Samidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, ailəsi ilə Salyan şəhərində yaşayır, birinci Qarabağ müharibəsinin iştirakçısıdır: 

“Müharibədə yaralandığıma görə əsəblərim pozulub. 2 saylı Psixiatriya Xəstəxanasında müalicə almışam. 2024-cü ilin iyul ayının sonlarında müalicəm başa çatıb və evimə qayıtmışam. 

Salyan şəhər sakini Yusifi əvvəldən məhəllə sakini kimi tanıyıram və onunla münasibətlərim həmişə yaxşı olub”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2024-cü ilin avqustun 17-də, saat 13 radələrində siqaret almaq üçün yaşadığı evdən küçəyə çıxıb və marketə gedərkən Yusifin sərxoş vəziyyətdə küçədə ucadan ünvansız söyüş söydüyünü görüb: 

“Ona yaxınlaşaraq məhəllədə söyüş söyməsinin ayıb olduğunu bildirdim və bunu etməməsini xahiş etdim. Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olduğundan məni nalayiq sözlərlə söydü. Yusifin bu hərəkətləri xoşuma gəlmədi və ona öz iradımı  bildirdim. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı Yusif şalvarının arxa cibindən açılıb-qatlanan bıçaq çıxardı və məni vurmaq istədi. Bunu görərək ona imkan vermədim, Yusifin sifət nahiyyəsinə yumruqla bir zərbə vurdum. Yusif yıxıldı və bıçaq əlindən yerə düşdü. Yusif yenə də üstümə gəldikdə onunla əlbəyaxa oldum və Yusif yerə yıxıldım. 

Yusif bıçağı məndən almağa çalışdı. Mən isə bıçağı ona vermək istəmədim. Həmin vaxt yerdə süpürləşən zaman bıçağın ağzı açıq olduğundan Yusifin bədənini bir neçə yerdən kəsdi. Yusifin bədənindən qan gəldiyini gördüm. Tez onu buraxaraq ayağa qalxdım və yaşadığım evə getdim. Baş vermiş hadisə barədə arvadım Səyyarəyə danışandan sonra Yusifin əlindən aldığım bıçağı evdə qoydum. Piyada Salyan Rayon Polis Şöbəsinə gedərək könüllü təslim oldum. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Yusifin sözlərinə görə, təqsirləndirilən şəxslə bir küçədə yaşamaqla münasibətləri yaxşı olub: 

“Samidi psixioloji problemi olan şəxs kimi tanıdığımdan onunla yaxın münasibət saxlamamışam. Avqustun 16-da, axşam evdə nahar edərkən təxminən 250 qram araq içdim. Ona görə də əhvalım bir qədər yaxşılaşdı. 

Avqustun 127-də, gecə saat 1 radələrində kimdənsə siqaret almaq üçün evdən küçəyə çıxdım. Bu zaman Samid məni gördü. Ona yaxınlaşaraq siqaret istədim. İçkili vəziyyətdə olduğumdan bir qədər kobud və istehzalı formada Samidə siqaretimin olmadığını, həm də ona siqaret verməyə borclu olmadığımı bildirdim. Kobud formada danışmam onun xoşuna gəlmədi. Samid məndən nə üçün belə danışmağımın səbəbini soruşdu. Ona dedim ki, yaxşı edirəm, belə danışıram, sən kimsən ki, məndən siqaret də istəyirsən, öz yolunla düz get və məni də narahat etmə, görmürsən ki, öz istirahətimi edirəm. Lakin Samid oradan getmədiyindən mübahisə etdik. Mübahisə zaman biz  tutaşdıq. Bu zaman cibimdən çıxardığım bıçaqla Samidi vurmaq istəsəm də, məni yumruqla vurduğundan yerə yıxıldım. Yerə yıxılarkən bıçaq əlimdən yerə düşdü.  

Samid tez bıçağı yerdən götürərək qarın nahiyyəmə bir zərbə vurdu. Samiddən yapışaraq onu özümə tərəf çəkəndə yerə yıxıldıq. Samidin əlindəki bıçağı almağa çalışan zaman bıçaq əl barmaqlarımı və ayağımı bir neçə yerdən kəsdi. Ayağımdan qan axdığını görəndə Samidi buraxdım. Buraxandan sonra Samid də ayağımdan qan gəldiyini gördü və məni orada qoyaraq getdi. Özüm isə ayağa qalxaraq evimə getmək istərkən yeriyəndə ayağımdan güclü qan axdığı üçün daha hərəkət edə bilmədim. Özümü küçədəki qapılardan birinə çırparaq kömək istədim. Həmin vaxt qışqırıq səsimə küçəyə çıxan Samidin qardaşı oğlu Şahmar gördü və nə baş verdiyini soruşdu. 

Şahmara bıçaqla məni əmisi Samidin vurduğunu və məni həkimə aparmasını dedim. Şahmar təcili yardım maşını çağırdı. Çağırışa gələn maşınla məni Salyan rayon mərkəzi xəstəxanasına apardılar. Xəstəxanada mənə tibbi yardım göstərildi və cərrahi əməliyyat olundum”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Samid 4 il müddətinə azadlıqdan məhrum edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 15:50
Top