Artan kiberhücumlardan necə qorunaq? — AÇIQLAMA

GÜNDƏM 05 sentyabr 2025, 14:19
"Sosial şəbəkələr üzərindən kiberhücumlar mütəmadi şəkildə həyata keçirilir. Bugün hədəfdə “Telegram” ola bilərsə, sabah “Facebook”, digər gün isə “Instagram” ola bilir. Yəni bu proses daim davam edir".

Bunu Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev deyib.

O, bildirib ki, bu hücumların qarşısını almaq üçün xüsusi xidmət orqanları və məsul qurumlar tərəfindən müxtəlif qabaqlayıcı və maarifləndirici tədbirlər görülür:

"İnsanlar kibergigiyena qaydalarına riayət etməyə dəvət olunurlar.
Eyni zamanda istifadəçilər üçün əvvəllər paylaşılan kibergigiyena qaydaları da qüvvədə qalır. Burada əsas rol rəqəmsal savadlılığa məxsusdur. İstifadəçilərin rəqəmsal savadlılığına xüsusi diqqət yetirilməlidir".

Ekspert bildirib ki, istifadəçilər sosial şəbəkələrdən daxil olan şübhəli və saxta linklərə qarşı diqqətli olmalıdırlar: 

"Belə linklər adətən fişinq saytlarına aparır və istifadəçilərin şəxsi məlumatlarını, bank kartı məlumatlarını və digər həssas informasiyaları ələ keçirməyə xidmət edir. Daha sonra bu məlumatlar “qarabazar”da və ya “darknet”də satıla, həmçinin şantaj məqsədilə istifadə oluna bilər".

Onun sözlərinə görə, son günlər “Telegram” üzərindən göndərilən saxta linklər vasitəsilə istifadəçilərin hesablarını ələ keçirməyə cəhdlər artır:

"Hesab ələ keçirildikdən sonra qanuni istifadəçinin giriş imkanı məhdudlaşır və həmin hesab dələduzların nəzarətinə keçir. Onlar da həmin hesab vasitəsilə kontaktdakı şəxslərə müxtəlif məzmunlu mesajlar göndərə, maliyyə yardımı istəyə, yaxud da arxivdəki yazışmalar, fotolar və videolardan şantaj məqsədilə istifadə edə bilərlər".

Ekspert bildirib ki, belə hallarla qarşılaşmamaq üçün şübhəli linklərə keçid etməmək, saxta təlimatlara əməl etməmək, telefona gələn PIN və iki faktorlu audentifikasiya kodlarını tanımadığınız şəxslərə yazışma və ya zəng vasitəsilə göndərməmək lazımdır:

"Sadə kibergigiyena qaydalarına əməl etməklə istifadəçilər böyük ehtimalla kiberhücumların qurbanına çevrilməyəcəklər".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 15:50
Top