Deputat: “Rusiya üzr istəmədən, kompensasiya ödəmədən münasibətlər normallaşa bilməz”

GÜNDƏM 05 sentyabr 2025, 10:27
“Son aylar Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskinləşib. Rusiyanın özündə Azərbaycan diasporuna qarşı təzyiqlər, səbəbsiz həbslər, Yekaterinburqda azərbaycanlı qardaşlarının öldürülməsi, tanınmış diaspora liderlərinin həbsi kimi hadisələr bu gərginliyi daha da artırdı”.

Bunu Demokrat.az-a açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

 O bildirib ki, Moskvanın son açıqlamaları qarşı tərəfə münasibətdə daha yumşaq ton seçməsi və kompromis istəyindən irəli gəlir:

“Azərbaycan tərəfi həmişə qonşularla, hətta münasibətlərin gərgin olduğu hallarda belə, konstruktiv mövqeyini qoruyaraq, bütün  diplomatik kanalları açıq saxlayır. Lakin Azərbaycanın Rusiya ilə münasibətlərin mülayimləşməsində əsas şərti dəyişməzdir. 

Dekabr 2024-də vurulan sərnişin təyyarəsinə görə Rusiya rəsmi üzr istəməli, kompensasiya ödəməli və məsul şəxslər məsuliyyətə cəlb etməlidir. Bu baş verdiyi halda, Bakı münasibətlərin normallaşması istiqamətində irəli addımlar atacaqdır. Yəni hər iki dövlət bu sahədə öz öhtəsinə düşəni həyata keçirməlidir. Moskva hazırda Bakıda həbsdə olan Rusiya vətəndaşlarının azad olunması variantları üzərində işləyir. 

Rusiya XİN sözçüsü Mariya Zaxarova son açıqlamasında bildirir ki, “Azərbaycanda saxlanılan rusiyalıların azad edilməsi dövlətlərarası münasibətlərin sabitləşməsi prosesində əhəmiyyətli addım olardı”. Amma Rusiya münasibətlərin normallaşması üçün öz öhtəliyinin nə olduğunu unudur və ya unutdurmağa çalışır. 

Rusiya çalışır ki, Azərbaycanla münasibətləri yaxşılaşdırsın, amma bunu üçün də qarşı tərəfin addım atmağını gözləyir. Bütün hallarda unudulmamalıdır ki, dövlətlərarası münasibətlərdə hər şey qarşılıqlı mübadilədən asılıdır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top