“Əsas məsələ qiymət yox, avtobusların keyfiyyətidir”

GÜNDƏM 04 sentyabr 2025, 22:56
“İctimai nəqliyyatda  qiymətlərin bahalaşması məsələsinə münasibətim birmənalıdır. Heç vaxt qiymət artımının tərəfdarı olmamışam və bu mövqeyimi də əsaslandırılmış şəkildə izah etməyə çalışıram”.

Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. 

O bildirib ki, qiymət artımına səbəb kimi daşıyıcı şirkətlərin gəlirlərinin sabit olmaması göstərilir:

“Bu arqument müəyyən qədər əsaslı sayıla bilər. Belə ki, ölkəyə gətirilən avtobusların bir qismi normativlərə cavab vermir. Ehtiyat hissələrinin baha olması və texniki baxımdan tez sıradan çıxması istismar xərclərini artırır. Nəticədə nəqliyyat vasitələri tez-tez sıradan çıxır, sərnişinlər üçün narahatlıq yaranır və sistemli problemlər dərinləşir. Sürücülərin və istismarçıların texniki problemlərlə mübarizə imkanlarının məhdudluğu da vəziyyəti ağırlaşdırır. Əgər avtobuslar keyfiyyətsiz alınırsa, onların davamlı nasazlıqları əlavə xərclərə gətirib çıxarır. Bu isə son nəticədə qiymət artımı ilə sərnişinlərin üzərinə yüklənir”.

Ekspertin fikrincə, məsələdə ictimai qınaq xüsusi əhəmiyyət kəsb edir:

“Dövlət qurumları cəmiyyətin reaksiyalarını nəzərə almalı, hər bir qiymət artımı əsaslandırılmalı və vətəndaşlara aydın şəkildə izah edilməlidir. Əks halda, bu, ictimai narazılığın artmasına səbəb ola bilər. Problem yalnız qiymət artımı ilə həll edilə bilməz. Əsas məsələ nəqliyyat infrastrukturunun keyfiyyətinin yüksəldilməsi, gətirilən avtobusların texniki cəhətdən dayanıqlı və uzunömürlü olması, istismar qaydalarına əməl olunması və ictimai nəqliyyatda şəffaflığın təmin edilməsidir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 sentyabr 2025, 21:40
04 sentyabr 2025, 20:51
Top