"Rusiya-Ukrayna münaqişəsinin həlli liderlər səviyyəsində müzakirə edilməlidir"

DÜNYA 03 sentyabr 2025, 11:14
Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində müzakirələr təşkil edir, amma bu məsələ liderlər səviyyəsində müzakirə edilməlidir.

Demokrat.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfərinin yekunlarına dair təyyarədə jurnalistlərlə söhbətində ifadə edib.

Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə Ukrayna müharibəsinin ədalətli sülhlə başa çatmasını müzakirə etdiyini diqqətə çatdıran Türkiyə lideri qeyd edib ki, İstanbuldakı görüşlər bu yolun açıq olduğunun aydın şəkildə isbatıdır. “Müzakirələrin səviyyəsinin mərhələli şəkildə yüksəldilməsi bizim arzu etdiyimiz yoldur. Sülhə ola ümidlər əsaslı və konkret nəticələrlə doğrulmalıdır. Bunun üçün liderlər səviyyəsində bu məsələni müzakirə etmək zərurəti yaranıb”, -deyə Ərdoğan vurğulayıb.

O əlavə edib ki, Putinlə ABŞ və Rusiya liderlərinin Alyaska görüşünün nəticələrini də müzakirə edib. “Putinin ABŞ Prezidenti Donald Tramp ilə apardığı müzakirələr çox əhəmiyyətlidir. Biz bu məsələdə Rusiya Prezidentinin fikirlərini öyrəndiyimiz kimi, eyni zamanda, Ukrayna lideri Volodimir Zelenski ilə də ayrıca telefon diplomatiyası apardıq. Onunla söhbətimiz əsnasında Ukraynanın Putinin mövqeyinə, Alyaska sammitinin nəticələrinə münasibətini də aydınlaşdırdıq. Həm Zelenski, həm də Putinin məsələyə yanaşmaları müsbətdir. Türkiyənin İstanbul prosesinin davam etdirilməsi ilə bağlı mövqeyinə də etiraz etmədilər, amma hələ buna hazır deyillər”, -deyə Türkiyəni dövlət başçısı əlavə edib.

Ərdoğan Ukraynada müharibənin başa çatdırılması məsələsində Avropa liderləri ilə də təmasların davam etdiyini bildirib. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri və kəşfiyyat xidmətinin rəhbəri Aİ-nin müvafiq qurumları ilə məsləhətləşmələr aparırlar. Taxıl sövdələşməsi və hərbi əsrilərin azad edilməsi üzrə Ankaranın uğurlu addımlarını diqqətə çatdıran Türkiyə lideri qeyd edib: “Bu prosesin davam etdirilməsi istiqamətində konkret addımlar atırıq. Müsbət nəticə əldə olunacağına ümid edirik. Putinlə keçirdiyim görüşdə də bu məsələni gündəmə gətirdim. Sülhə nail olmaq üçün birlikdə fürsət pəncərəsini axıra qədər açacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 sentyabr 2025, 13:29
Top