Deputat: “İlham Əliyev ölkəmizin regional və qlobal rolunu möhkəmləndirir”

GÜNDƏM 03 sentyabr 2025, 09:42
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” televiziya kanalına verdiyi son müsahibəsində ölkəmizin xarici siyasətində yeni tarixi mərhələdə qarşıya qoyulan prioritetlərə toxundu”. 

Bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, yeni xarici siyasət prioritetlərinin formalaşması Azərbaycanın əldə etdiyi uğurlar, yeni yaranmış reallıqlar və artan imkanlarla bağlıdır:

“Dövlət başçısı bu prioritetlərin bir hissəsinin xarici siyasətimizin əvvəlki istiqamətlərindən qaynaqlandığını, digər bir hissəsinin isə tamamilə yeni reallıqlara əsaslandığını vurğuladı. Azərbaycanın beynəlxalq aləmdə yüksələn nüfuzu, etibarlı tərəfdaş imici, müxtəlif ölkələrin ölkəmizlə əməkdaşlığa artan marağı, bu reallıqları və siyasət xəttindəki dəyişiklikləri zəruri edir. İkinci vacib amil isə yeni coğrafi imkanlar, kommunikasiya xətləri və nəqliyyat dəhlizlərinin açılması ilə bağlıdır. Bu xüsusilə də Zəngəzur dəhlizi və digər nəqliyyat arteriyalarının açılması ilə əlaqədardır. Belə reallıqlar xarici siyasətdə yeni istiqamətlərin müəyyən olunmasına səbəb olur”.

Millət vəkili qeyd edib ki, artıq Azərbaycanın regional və qlobal nəqliyyat-logistika xəritəsindəki rolu əhəmiyyətli dərəcədə artıb:

“Prezidentin müsahibəsində səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Azərbaycanın klassik xarici siyasət vektoru Şimal, Cənub, Qərb və Şərq istiqamətləri bu gün yeni məzmunla, yeni prizmadan yenidən formalaşdırılır. 

Bu, həm Orta Asiya, Yaxın Şərq, Uzaq Şərq, həm də bəzi ərəb ölkələri ilə əlaqələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi deməkdir. Bu yanaşmalar Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, iqtisadi və siyasi əlaqələrinin genişlənməsinə və regionda lider mövqeyinin güclənməsinə xidmət edir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top