Masazırda evdə yanaraq ölənlər ana və qızı imiş — VİDEO (YENİLƏNİB)

HADİSƏ 02 sentyabr 2025, 10:58
Bu gün sübh vaxtı Abşeron rayonu Masazır qəsəbəsində fərdi yaşayış evinin yanması nəticəsində ölən şəxslərin kimliyi müəyyənləşib.

Demokrat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, evdə yanaraq ölən şəxslərin 1949-cu il təvəllüdlü Xanım Əliyeva və qızı 1967-ci il təvəllüdlü Reyhan Əliyeva olması müəyyən edilib. Onların ana-bala olduğu bildirilir. Nəşləri aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə vaxtı hər mərtəbəsi 40 m² olan ikimərtəbəli ev tamamilə yanıb. Yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***
09:48

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində xəsarət alan olmayıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 2-si, saat 05:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində baş verən yanğın hadisəsi səbəbilə çağırış daxil olub.

"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub və hadisə yerində iki nəfərin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.

***
07:42

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində iki nəfər həlak olub.

Demokrat.az FHN-in məlumatına istinadən bildirir ki, hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

İkinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***
06:52

Avqustun 2-si səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində yanğın olub.

Demokrat.az bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, fərdi yaşayış evindəki yanğın bitişik digər evlərə keçməsinə imkan verilmədən nazirliyin qüvvələri tərəfindən tam söndürülüb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 sentyabr 2025, 14:41
Top