Deputat: "Hindistanın məhdudiyyətlər tətbiq etmək cəhdləri uğursuzluğa məhkumdur"

GÜNDƏM 02 sentyabr 2025, 14:24
“Azərbaycan ilə Hindistan arasında münasibətlər çoxdan mürəkkəb olub. Üstəlik, son illərdə bu münasibətlərin vektoru getdikcə kəskin diplomatik qarşıdurmaya doğru dəyişib, burada Hindistanın mövqeyindən iqtisadi maraqlardan daha çox inciklik və cavab tədbirləri istəyi ön plana çıxır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Deputat qeyd edib ki, Bakının İslamabadın Kəşmirlə bağlı mövqeyini dəstəkləməsi Yeni Dehlini davamlı olaraq qıcıqlandırıb:

“Bu dəstək ərazi bütövlüyü və Qarabağda müharibədən sonrakı nizamlanma məsələlərində Pakistanın Azərbaycanla həmrəyliyi ilə birlikdə güclü və birmənalı müttəfiqlik yaradır. Məhz bu ittifaq Hindistanı son illərdə Azərbaycanın beynəlxalq aləmdə imkanlarını məhdudlaşdıran addımlar atmasına səbəb olub. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın baş naziri Şahbaz Şərif arasında Çinin Tiencin şəhərində keçirilmiş görüş bu kontekstdə göstəricidir. İlham Əliyev Azərbaycan-Pakistan münasibətlərinin qardaşlıqlı hörmətə əsaslandığını bildirib və Pakistanı Hindistan üzərində qələbə münasibətilə təbrik edib. Prezident vurğulayıb ki, Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır, lakin Bakı qardaşlıq münasibətlərini hər şeydən üstün tutduğu üçün bunun ölkə üçün o qədər də əhəmiyyəti yoxdur. Bu sözlər Azərbaycana təzyiq göstərmək üçün beynəlxalq mexanizmlərdən istifadə etməyə ümid edən, lakin Bakının qəti mövqeyi ilə üzləşən Hindistana qəti cavab  kimi səsləndi. Yeni Dehlinin belə siyasətinin ən parlaq nümunələrindən biri Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxilindəki mövcud vəziyyətdir. Çinin dəstəyinə baxmayaraq, Hindistan çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay ruhu”na zidd olaraq ölkəmizin təşkilata tamhüquqlu üzvlük müraciətini növbəti dəfə əngəlləyib. Belə çıxır ki, Hindistan sülh gündəmini qəbul etmir və Pakistanla müharibədə məğlub olan bu ölkə münaqişələrin davam etməsini istəyir. Hindistanın davranışı ikinci dəfədir ki, Çinin təşkilatların genişləndirilməsi və beynəlxalq strukturların effektivliyinin artırılması təşəbbüslərinə mane olur”.

Millət vəkili əlavə edib ki, bu cür qərəzli münasibət nümayiş etdirən Hindistandan fərqli olaraq, Azərbaycan və Pakistan konstruktivlik nümayiş etdirib:

“Ermənistan və Pakistan arasında fikir ayrılıqlarına baxmayaraq diplomatik əlaqələrin qurulması istiqamətində atılan addımlar bunun bariz nümunəsidirz Beləliklə, Pakistan və Azərbaycan yeni diplomatik imkanları nəzərdən keçirməyə hazır olduqları halda, Hindistan çoxtərəfli strukturların effektivliyinə xələl gətirərək dağıdıcı rol oynamaqda davam edir. Əslində, Yeni Dehli bu təşkilatı qarşıdurma çeydanına çevirməyə çalışmaqla təkcə Azərbaycana deyil, həm də ŞƏT-in özünə ziyan vurur. Uzunmüddətli perspektivdə bu yanaşma çətin ki, Hindistan üçün dividend gətirsin; əksinə, bu hərəkətlər onun etimadını sarsıdır və Azərbaycanın təklifini açıq şəkildə dəstəkləyən Çin də daxil olmaqla digər iştirakçılar arasında inamsızlığı artırır. Pekinin ŞƏT-i genişləndirməkdə və qlobal əhəmiyyətli məkan kimi rolunu gücləndirməkdə maraqlı olduğu bir vaxtda Hindistanın davranışı xüsusilə yöndəmsiz və yersiz  görünür”.

K.Bayramovun sözlərinə görə,  Azərbaycan isə tam əks yanaşma nümayiş etdirir:

“Bloklanmalara və diplomatik maneələrə baxmayaraq, rəsmi Bakı açıq qarşıdurmaya getmir, əsas qlobal təsir mərkəzləri ilə uzunmüddətli əlaqələr qurur. Ölkənin nəqliyyat və logistika əhəmiyyətinin güclənməsi, enerji layihələrinin inkişafı, Türkiyə, Çin, ABŞ və Avropa İttifaqı ilə əlaqələrin güclənməsi Azərbaycanın öz imkanlarına arxayın olduğunu və kənar təzyiqlərin öz kursunu korrektə edilməsinə imkan vermədiyini göstərir. Bakının strateji baxışı ilə Yeni Dehlinin əsasən qısamüddətli və revanşist motivlərə əsaslanan siyasəti arasında əsas fərq budur. Hindistan son illər güc balansını və kollektiv qarşılıqlı fəaliyyət ruhunu nəzərə almaq zərurətinə məhəl qoymadan beynəlxalq təşkilatlardan öz maraqlarını müdafiə etmək üçün alət kimi istifadə etməyə getdikcə daha çox həvəs göstərir. Bu yanaşma taktiki nəticələr verə bilər, lakin Hindistanın bu siyasəti onu strateji cəhətdən təcridə aparır. Bunu indiki vəziyyət də təsdiqləyir: Azərbaycanın qarşısını almaqla Hindistan onu zəiflətmir, əksinə, ölkımizi Pakistan və Çinlə daha da sıx qarşılıqlı fəaliyyətə sövq edir ki, bu da uzunmüddətli perspektivdə Yeni Dehli üçün əlavə problemlər yarada bilər. Müasir Azərbaycan on-beş il əvvəlkindən fərqli vəziyyətdədir. O, özünü belə diplomatik manevrlərdən müstəqil edən resursları, infrastrukturu və ittifaqları ilə regional güc mərkəzinə çevrilib. Hindistanın Azərbaycana müəyyən məhdudiyyətlər tətbiq etmək cəhdləri buna görə də uğursuzluğa məhkumdur. Həqiqətən, onlar yalnız Azərbaycanın seçdiyi kursu davam etdirmək əzmini gücləndirir və, ilk növbədə, Pakistanla strateji tərəfdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirir. Beləliklə, biz Hindistanın qərəzli siyasətinin özünə qarşı çevrildiyi bir vəziyyətin şahidi oluruq. Azərbaycan nəinki yolundan dönmür, həm də əsas oyunçularla əlaqələri gücləndirmək, eləcə də beynəlxalq aləmdə öz rolunu yüksəltmək üçün əlavə stimul alır. Hindistan da öz növbəsində Azərbaycan-Pakistan alyansının qisasını almaqla son nəticədə öz mövqelərini möhkəmləndirmək imkanını itirir və qlobal siyasətin iştirakçısı kimi özünün imicini sarsıdır.  Hindistanın bu gün Azərbaycanla bağlı siyasəti oyunçunun qələbə naminə deyil, qisas üçün hərəkət etdiyi oyuna bənzəyir. Bununla belə, diplomatiyada başqalarına müdaxilə edən deyil, əlaqələr qurmağı bilən qalib gəlir. Bu oyunda isə Azərbaycan daha inamlı strategiya nümayiş etdirir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top