Politoloq: "Azərbaycan üçün bu sənəd çoxdan aktuallığını itirib"

GÜNDƏM 02 sentyabr 2025, 14:35
“Ermənistan tərəfi artıq rəsmi olaraq 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan çıxdığını bəyan edib. Bu, Ermənistanın baş naziri tərəfindən açıq şəkildə dilə gətirilib. Təbii ki, bu halda, Azərbaycan üçün həmin bəyanatın hüquqi və siyasi baxımdan heç bir əhəmiyyəti qalmır”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 

O deyib ki, hazırda Zəngəzur dəhlizinin açılması məsələsi Vaşinqtonda müzakirə olunaraq razılaşdırılıb:

“Ermənistan müzakirə qrupunun bu prosesə daxil edilməsi və müəyyən ərazilərin qaytarılması məsələsi də artıq razılaşdırılmış addımlar sırasındadır. 8 avqustdan sonra bölgədə yeni proseslər formalaşmağa başlayıb və faktiki olaraq Ermənistanla Azərbaycan arasında de-fakto sülh mövcuddur. Bu baxımdan, artıq 10 noyabr bəyanatına ehtiyac yoxdur. Əgər Rusiya hələ də bu bəyanata istinad edirsə, bu, daha çox öz maraqlarına xidmət edir. Belə ki, Moskva bu bəyanatın müddəalarının qüvvədə qalmasını istəyir ki, bölgədəki geosiyasi nüfuzunu qoruyub saxlasın. Rusiya xarici işlər nazirinin açıqlamaları da bu məqsədə yönəlib. Lakin reallıq ondan ibarətdir ki, geopolitik vəziyyət artıq dəyişib. ABŞ bölgəyə gəlib, Çin və Rusiya liderlərinin görüşlərində bu məsələyə xüsusi reaksiya verilməyib. Rusiya da başa düşür ki, Azərbaycanla Ermənistan arasında barışıq formalaşıb və bölgədə yeni siyasi reallıq yaranıb. Bu səbəbdən, Rusiyanın 10 noyabr bəyanatına istinad etməsi, əslində, yalnız siyasi ritorikadır və praktik nəticə doğurmayacaq. Artıq bölgədə sülh və əməkdaşlıq istiqamətində irəliləyiş var və bu, daha çox beynəlxalq güclərin yeni balansına uyğun şəkildə inkişaf edir”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top