"Belə hallarda qadın “ata da belə edə bilər” düşüncəsi ilə zorakılığı qəbul edir" — AÇIQLAMA

GÜNDƏM 28 avqust 2025, 19:58
"Ümumiyyətlə, evlənənlərin çox az bir qismi evliliyin mahiyyətini anlayaraq bu addımı atır. Əksəriyyət isə nə evliliyin, nə də valideyn olmağın məsuliyyətini tam dərk etmir. Bu səbəbdən bəzən analıq və atalıq funksiyalarının nə olduğunu bilmədən ailə quran insanlar olur. Halbuki, hər kəs ailə qurmalı və ya valideyn olmalı deyil".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib.

"Cəmiyyətimizdə “cənnət anaların ayaqları altındadır”, “atalar çox vacibdir” kimi fikirlər mövcuddur. Amma bəzən qadın və ya kişi valideyn olmağı uşaqlar üzərində istədiyini etmək kimi başa düşür. Halbuki övlad Tanrı tərəfindən verilmiş bir əmanətdir. Təəssüf ki, bəzi insanlar uşaqlarını stres faktoru kimi görür, əsəbiləşəndə döyür və ya zorakılıq tətbiq edirlər".

O bildirib ki, valideyn olmaqla insan olmaq arasında fərqi anlaya bilməyənlər də az deyil:

"Onlar düşünürlər ki, əgər ata və ya ana uşağa qarşı zorakılıq edirsə, bu, “normaldır”. Bəziləri üçün ailə sadəcə uşaq dünyaya gətirməkdir. Lakin övlad sahibi olmaq məsuliyyət tələb edir, uşağa sahib çıxmaq lazımdır.

Belə hallarda qadın “ata da belə edə bilər” düşüncəsi ilə zorakılığı qəbul edir. Halbuki valideyn övladın xoşbəxtliyi üçün çalışmalıdır, əksinə bədbəxtlik mənbəyinə çevrilməməlidir".

Psixoloq deyib ki, məsələ ondadır ki, xanım artıq üçüncü uşağa hamilədir:

"Burada araşdırılmalıdır ki, bu hamiləlik zorakılıq nəticəsidir, yoxsa qadın bunu özü istəyib? Belə mühitdə uşaq dünyaya gətirmək doğru deyil. Çox vaxt insanlar sevgili dönəmində tərəfdaşlarının mənfi cəhətlərini görsələr də, “düzələr” deyə münasibəti davam etdirirlər. Amma çox az adam qarşısındakı insanın yaxşı ata və ya ümumiyyətlə, yaxşı insan olub-olmayacağını düşünür.

Əgər qadın buna baxmayaraq zorakılıq edən insandan ardıcıl uşaqlar dünyaya gətirirsə, uşaqların qayğısı dövlət tərəfindən üzərinə götürülməlidir. Valideynlərin psixoloji vəziyyəti yoxlanılmalı, uşaqlar dövlət himayəsinə verilməlidir. Əgər kişinin zorakılıq etdiyi təsdiqlənərsə, o məsuliyyətə cəlb olunmalıdır".

Qeyd edək ki, Ağdamda zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilən uşağın anası 3-cü dəfə hamilədir.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top