“Prezident İlham Əliyevin açıqlamaları ciddi mesaj və xəbərdarlıq oldu” — Fərid Şahbazlı

GÜNDƏM 28 avqust 2025, 19:18
“Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsi zamanı Azərbaycanın dünyada və regionda baş verən hadisələrlə bağlı mövqeyini bir daha ortaya qoydu. Müsahibə zamanı verilən mesajlar növbəti dəfə sübut etdi ki, Azərbaycanın regional və qlobal siyasətdə rolu hər ötən gün güclənir. Vaşinqton razılaşması isə müharibəyə, qarşıdurmaya son qoyur və Ermənistan bu öhdəlikləri yerinə yetirməlidir”.

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların Ermənistan Konstitusiyasından çıxarılması və sülh müqaviləsinin imzalanmasının qaçılmaz olduğunu vurğulayıb. Azərbaycan lideri vurğulayıb ki, hər hansı pozuntu Ermənistan üçün ciddi nəticələr doğuracaq və hakimiyyət dəyişikliyi belə bu öhdəliyi dəyişməyəcək.

Fərid Şahbazlının sözlərinə görə, Zəngəzur dəhlizi məsələsinə toxunan Prezident Azərbaycanın 2020-ci il Vətən müharibəsindən sonra bu ərazini hərbi yolla ələ keçirmək üçün gücünün olduğuna diqqət çəkib: “Lakin Azərbaycan bunu etmədi. Dövlət başçısı haqlı olaraq dedi ki, bəzi media orqanlarında Azərbaycanın Zəngəzuru işğal edəcəyinə, İranla Ermənistan sərhədini kəsəcəyinə dair planlar barədə çoxlu şayiələr yayılır. Bu, tamamilə yalandır və Azərbaycanın belə bir niyyəti yoxdur. Reallıq bundan ibarətdir ki, Ermənistan beş ilə yaxın vaxtı prosesi süni şəkildə uzatdı. Düşünürəm ki, ABŞ Prezidenti Donald Tramp və administrasiyasının iştirakı, eyni zamanda Azərbaycanın artan siyasi və iqtisadi gücü fonunda Yerevan reallıqları qəbul etdi, layihə reallaşma yoluna çıxdı. Dəhlizin həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutları üçün strateji əhəmiyyətini vurğulayan Cənab Prezident vurğuladı ki, layihə regionun iqtisadi və logistika imkanlarını artıracaq”.

Siyasi şərhçi deyib ki, İlham Əliyev müsahibədə Moskva ilə münasibətlərə də toxunub. Prezident bildirib ki, Azərbaycan qonşularla bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır: “Lakin mülki təyyarəmizin vurulması və Rusiyada azərbaycanlılara qarşı təzyiqlər qəbuledilməzdir. Yekaterinburqda iki soydaşımızın öldürülməsi də bunun bariz nümunəsidir. Prezident xüsusi olaraq bildirdi ki, 44 günlük müharibə zamanı Rusiya vertolyotu vurulanda biz dərhal üzrxahlıq edib təzminat ödəmişdik. Eyni addımı bu gün də Rusiyadan gözləyirik”.

Fərid Şahbazlı bildirib ki, Prezident müsahibə zamanı Azərbaycanın beynəlxalq vasitəçilik fəaliyyətinə də diqqət çəkib: “İsrail–Suriya və Türkiyə–İsrail münasibətlərində Azərbaycan fəal vasitəçidir. Bu, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və vasitəçilik missiyamızın əsasını bu prinsip təşkil edir”.

Siyasi şərhçi vurğulayıb ki, Prezident İlham Əliyevin müsahibəsi bir daha təsdiq etdi ki, Azərbaycan regional sabitliyin və beynəlxalq hüququn qorunmasında fəal iştirak edir: “Prezidentin müsahibə zamanı verdiyi açıqlamalar bütün proses iştirakçıları üçün ciddi mesaj və xəbərdarlıq oldu”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top